İyun ayında baş verən qadın qətllərinin sayı açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova məlumat yayıb. Vəkil bildirib ki, bir ay ərzində 8 qadın qətlə yetirilib. Onların əksəriyyəti həyat yoldaşı tərəfindən xüsusi işgəncə ilə öldürülüb.
Sosioloq Əhməd Qəşəmoğlu Valyuta.az-a açıqlamasında qadın qətillərinin əsas səbəbini bu istiqamətdə düzgün maarifləndirmə işlərinin aparılmaması ilə əlaqələndirib:
"Qadın hüquqları ilə məşğul olan QHT-lər bütün günü onlara deyir ki, siz azadsınız, demokratik cəmiyyətdəsiniz. Bu azadlıq və demokratiyanın da mahiyyətini axıra qədər izah etmirlər. Azadlığı gətirib ora çıxardırlar ki, ürəyiniz nə istəsə, edə bilərsiniz, qadın hüquqları var, heç kəs qadına heç nə edə bilməz, kişilər isə yaddan çıxır. Kişilər isə qədim, milli adət-ənənələrdən gələn normalara köklənir. Biz ailəni xilas etmək əvəzinə qadınları xilas edirik. Sanki elə bir vəziyyət yaranıb ki, qadınları xilas etməliyik. Kişini yaddan çıxardaraq, bütün diqqəti qadına yönəltmək yalnışdır”.
Əhməd Qəşəmoğlu bildirib ki, qadınlar azadlığın mahiyyətini dərk etmədən ürəkləri nə istəyir elə də həyat yaşayır:
"Qayınana, ərini saymırlar, onunla-bununla tanış olurlar. Nəticədə gərginlik yaranır. Qadınlar gücünü dilə, kişilər isə bıçağa, baltaya verir. Bizim ölkəmizdə ailəni xilas etməklə bağlı vacib olan işlər aparılmır”.
Şərhlər