Xəbər lenti

Sosioloq: “Övladınıza ad seçərkən ciddi düşünün”
Ölkə 18:57 02.05.2023

Sosioloq: “Övladınıza ad seçərkən ciddi düşünün”

"İnsanlara qoyulan adlar cəmiyyətdə gedən proseslərdən, formalaşan dəyərlərdən xəbər verir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bu ilin 4 ayı ərzində uşaqlara qoyulan adlardan danışarkən deyib.

Onun sözlərinə görə, dünyaya göz açan insana qoyulan ad onun taleyinə təsir edir:

"İnsanlar arasında maarifləndirmə işləri aparmaq lazımdır, ad mühüm məsələdir. İnsana verilən ad gələcək həyatına təsir göstərir və ad onu müəyyən bir ovqata kökləyir. Elə ad qoyula bilər ki, o insanı həmişə fərəhləndirə bilər, elə də ad qoyula bilər ki, o insana həmişə mənfi təsir göstərər. Adam var ki, adından utanır, adam da adını eşidəndə sevinir”. 

Əhməd Qəşəmoğlu hesab edir ki, uşaq anadan olanda valideyinin ən birinci borcu ona gözəl ad seçməkdir:
 
"Bir müddət əvvəl uşaqlara Yusif, Məhəmməd adı qoyuldu. Bununla bağlı mətbuatda yazı getdi ki, guya bu islamın təbliğidir. Həmin vaxt "Yusif Peyğəmbər” teleserialı verilirdi. Çoxları həmin filmə baxıb uşağna Yusif adını verdi. Belə filmlər insanlara təsir edir. Məryəm, Uğur adlarının da qoyulması görünür bu adların təbliğatının genişliyindən xəbər verir. Bunları təhlil etmək lazımdır. Cəmiyyətdə elə dəyərlər formalaşıb ki, biz Uğur və Məryəm adına   üstünlük veririk. Bunun ətrafında ciddi təhlil aparmaq olar”. 

Sosioloq deyir ki, ad qoyma məsələsində  insanların aldığı məlumat və oxuduqları ədəbiyyat mühüm rol oynayır. 

Qeyd edək ki, bu ilin dörd ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox  verilən ad Uğurdur, qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->