Xəbər lenti

Slovakiyada deputatlar fikir ayrılıqlarını boks rinqində həll edəcək
Dünya 10:02 22.05.2025

Slovakiyada deputatlar fikir ayrılıqlarını boks rinqində həll edəcək

Slovakiyada iki rəqib siyasətçi fikir ayrılıqlarını boks rinqində həll etmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli "Bratislavak" nəşri məlumat yayıb.

Avropa Parlamentinin üzvü, "Respublika" hərəkatından Milan Mazurek ilə "Proqressiv Slovakiya" partiyasından David Dey arasında mübahisələr sosial şəbəkələrdə başlayıb. Davam edən qarşıdurmalardan bezdiyini bildirən Dey rəqibini boks rinqində döyüşə çağırıb.

"Sosial şəbəkələrdə mübahisə etməyək. Ona görə də səni döyüşə çağırıram. Axı sən belə iri cüssəli oğlansan, bir liberal-proqressistdən qorxmazsan", deyə Dey Mazureka müraciət edib.

Mazurek əvvəlcə bu təklifi provokasiya kimi dəyərləndirsə də, sonradan razılıq verib. O, Deyin boy və çəki baxımından üstünlüyə malik olduğunu və peşəkar boks təcrübəsi olduğunu qeyd edib. Nəticədə Mazurek döyüş təklifini qəbul edərək iyun ayında Bratislavada görüşməyi təklif edib.

"O ki qaldı sizin "Proqressiv Slovakiya"nın uğursuz və gözüqapanmış üzvlərinə, mənim heç bir problemim yoxdur. İyunda bir şənbə və ya bazar gününü seçin. Məmnuniyyətlə Bratislavaya gələcəyəm. Bu döyüşü keçirə biləcəyimiz bir idman zalı tanıyıram. Matçı çəkib yayımlaya da bilərsiniz", deyə siyasətçi əlavə edib.

Dey və Mazurek arasındakı gərginliyin səbəbi

Gərginliyin əsas səbəblərindən biri David Deyin sosial şəbəkələrdə Mazureki "nasist" adlandırması və onun Bratislavada ərəb ailəsinə hücumda iştirak etməsini xatırlatması olub. Cavab olaraq Mazurek Deyin xarici görünüşü və gender kimliyi barədə təhqiramiz ifadələr işlədib:

"Bu qadın döşləri olan məxluq özünü David Gey adlandırır və mən onun cinsiyyətini müəyyənləşdirmək istəmirəm, çünki bu "PS"çilərlə nə vaxt nə olacağını bilmirsən. Səhər kişi, axşam qadın, günorta isə vertolyot, təyyarə və ya timsah ola bilər".

Nəşr qeyd edir ki, Milan Mazurek daha əvvəl radio yayımında irqçi ifadələrə görə məhkəmədə cəzalandırılıb və bu səbəbdən onun deputat səlahiyyətlərinə son verilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->