Xəbər lenti

Sevindirən, ümidləndirən
Amal Abuşov
İdman 11:03 24.07.2024

Sevindirən, ümidləndirən "Qarabağ"

Bir neçə gündür ki, işlərimlə bağlı Azərbaycanımızın gözəl rayonlarından biri olan Göyçaydayam. Elə "Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Linkoln”la qarşılaşmasını da Göyçayda gənclərin toplaşdığı bir məkanda izlədim. Bir daha şahid oldum ki, "köhlən atlar” artıq Azərbaycanın hər yerində sevilir, insanlar "Qarabağ”a böyük diqqət göstərirlər. Qurban Qurbanovun və onun yetirmələrinin hər bir oyunu, qazandıqları hər bir qələbə sıravi azərbaycanlılar üçün sevinc mənbəyi, ümid yeridir.

Sözsüz ki, bizə bu hissləri yaşadan "Qarabağ”a minnətdarlıq etməklə yanaşı, ondan daha çoxunu gözləyir, avrokuboklar məcarasının ən azı növbəti ilin yazına qədər uzanmasını arzulayırıq. Artıq "Qarabağ” da bu məsuliyyəti başa düşür, ildən-ilə həm özü böyüyür, həm də hədəflərini böyüdür. "Köhlən atlar”ın qitə kuboklarındakı çıxışlarını izləyən azarkeşlər indi qrup mərhələsi ilə kifayətlənmir, finala qədər uzanan yolda uzaqlara getməyi arzulayırlar. Artıq ilk oyun arxada qaldı, "Qarabağ”ı iş başında gördük. Deməli, "köhlən atlar”ın bu mövsüm nə qədər uzağa gedə biləcəyi barədə mülahizələr irəli sürmək mümkündür.

Bəli, o məqamı da nəzərə alıram ki, Cəbəllütariq "Linkoln”u "Qarabağ” üçün ciddi əngəl sayılmırdı. Ona görə də təmsilçimizin səfərdə qazandığı qələbə böyük uğur kimi qiymətləndirilməyə bilər. Amma unutmaq lazım deyil ki, "Qarabağ”ın qatıldığı bu yarışın adı Çempionlar Liqasıdır. Orda mübarizə aparan hər bir klub ölkəsinin çempionudur və bu mötəbər yarışda öz ölkəsini bacardığı qədər yaxşı təmsil etməyə çalışır. İlk oyunda "Linkoln”un xeyrinə olan əsas amil stadionun süni örtüyü idi. Rütubətli dəniz havasının müşayəti ilə yetərincə erkən saatda başlayan bu görüşdə "Qarabağ”ın işinin asan olmadığı dəqiqdir. Söhbət heç də rəqibin gücündən getmir. Mən meydan amilini nəzərdə tuturam. Heç kimə sirr deyil ki, "Qarabağ” süni örtük üzərində oynamağa çətinlik çəkir. Üstəlik, mövsüm hələ başlamayıb, futbolçular tam formada deyil. Belə olan halda isə zədələnmək ehtimalı yüksəkdir. Bunu gözə alan futbolçular da bəzən sərt mübarizələrdən çəkinir, özlərini qorumağa çalışırlar. İnsafən, Qurbanovun dünənki oyunda şans verdiyi hər bir futbolçu qələbə üçün əlindən və ayağından gələni etdi.

Səfərdə qazanılan qələbə "Qarabağ”ın "Linkoln” qarşısında onsuz da yüksək olan şanslarını daha da yüksəltdi. Doğma meydanda, dolu tribunalar qarşısında səfərdəkindən də yaxşı çıxış edib, növbəti mərhələdəki rəqibi gözləmək olar. Az əvvəl qeyd etdiyim kimi, bizim üçün maraqlı olan bu oyunda "Qarabağ”ın futbolçularının necə görünməsi idi ki, əsas diqqətimizi də ora yönəltmişdik. Əminliklə demək olar ki, Qurban Qurbanovun komandası ötən ilki gücünü qoruyub, hətta yüksəldib də. Klub rəhbərliyi və çalışdırıcı ötən mövsümdü heyətin əsasını qorumağı bacarıb. "Qarabağ”ın əcnəbilərinə xeyli təklif olsa da, Zubir, Juninyo, Medina kimi futbolçular heç yerə getməyib. "Transfer pəncərəsi”nin hələ də açıq olduğunu nəzərə alsaq, heyətin daha da güclənəcəyini gözləməyə dəyər. Xüsusən də hücum xəttində rəqabətin artırılmasına ehtiyac var. Düzdür, İsveçdəki karyerası uğurlu alınmayan Musa Qurbanlı "Qarabağ” üçün ciddi fiqurdur. Amma bu mövqeyə yaxşı bir legionerin gətirilməsi heç də pis olmazdı.

Lunyovun gedişindən sonra "çərçivə” ilə bağlı yaranan narahatlıqların Fabiyan Buntiçin soyuqqanlı görüntüsü, inamlı çıxışı sayəsində zamanlı aradan qalxacağını düşünürəm. Bəhlul Mustafazadə həmişə olduğu kimi, etibarlı görünür, elə Medina da həmçinin. "Qarabağ”ın "düşünən beyni” orta sahə sayılır ki, orda da yetərincə yaxşı legionerlər cəmləşib, rəqabət lazımı səviyyədədir. Futbolçuların hələ formalarının zirvəsinə çatmadığını nəzərə alanda "Linkoln”la oyundakı ünvansız ötürmələrin, boşa verilən fürsətlərin çoxluğunu da normal qarşılaya bilərik.

Bir sözlə, "Qarabağ” həmişəki kimi oyundan-oyuna "artıracaq”, azərbaycanlı futbolsevərləri öz qələbələri ilə sevindirməyə davam edəcək. Hədəf Çempionlar Liqasının qrupudur. Ümid edirik ki, bu sevinci bir daha yaşamaq mümkün olacaq. Yoluna büdrəmədən davam et, "Qarabağ”!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->