Xəbər lenti

Yaponiya sunami təhlükəsinə görə bir milyondan çox insan təxliyə edib (YENİLƏNİB)
Dünya 14:14 30.07.2025

Yaponiya sunami təhlükəsinə görə bir milyondan çox insan təxliyə edib (YENİLƏNİB)

Yaponiya Kamçatkada baş verən zəlzələdən sonra sunami səbəbindən sahilyanı əraziləri boşaldır

Yaponiya hakimiyyəti Kamçatkada baş verən zəlzələdən sonra gözlənilən sunami ilə əlaqədar sahilyanı rayonlarda əhalinin təxliyəsini davam etdirir.

Qaynarinfo xəbər verir ki, onlarla şəhərdə bir milyondan çox insan evlərini tərk edərək ölkə daxili ərazilərə üz tutub. Bundan əlavə, indiyədək çox sayda balina sahilə çıxıb.

12.28
 
Sunami Kaliforniya ştatının sahillərinə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-nin Meteoroloji Xidməti məlumat yayıb.

Sakinlərə çimərliklərdən uzaq durmaq tövsiyə olunur.

11.57
 
Kamçatkada baş verən zəlzələdən sonra sunami ABŞ-nin Havay sahillərinə çatıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə yerli xidmətlər məlumat yayıb.

Yaponiyada isə sunaminin bu saata qədər qeydə alınmış maksimum hündürlüyü 1,3 metr təşkil edib. Bu barədə ölkənin baş Meteorologiya İdarəsi məlumat yayıb.

Ölkənin şimal-şərqində yerləşən İvate prefekturasındakı Kudzi limanında 1,3 metr hündürlüyündə sunami qeydə alınıb.

Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyada əvvəlcə xəbərdarlıq, daha sonra sunami təhlükəsi elan edilib. Əksər bölgələrdə təxminən 3 metr hündürlüyündə sunami gözlənilirdi. İndiyə qədər Yaponiya sahillərində sunaminin hündürlüyü 40-30 santimetr təşkil edib.

Yaponiya Baş nazirinin ofisi nəzdində böhran qərargahı yaradılıb. Bir sıra avtomobil və dəmir yollarında hərəkət dayandırılıb, ölkənin şimal-şərqindəki Senday hava limanının uçuş-enmə zolağı bağlanıb. Ən azı 356 min nəfərin təxliyəsi elan edilib.
 
09.00
 
Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, sunami təhlükəsi elan edilib, sakinlər təxliyə edilir.

Təcili yardım xidmətləri tam gücü ilə işləyir, vəziyyət nəzarət altındadır.

Ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi, normal həyatın bərpası üçün bütün zəruri tədbirlər görülür.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.

Zəlzələ Petropavlovsk-Kamçatskidəki 15 saylı uşaq bağçasının binasında divarın uçmasına səbəb olub. Yaponiya və ABŞ-da da sunami təhlükəsi elan edilib.

Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib ki, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə doğru istiqamətlənən sunaminin hündürlüyü 3 m olacaq. Ölkənin şərq, şimal-şərq və şimal hissələrində sahilyanı ərazilərin sakinləri təcili olaraq təxliyə olunmağa çağırılır. Sunaminin ilk dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.

Yaponiyanın "Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin sunami təhlükəsi ilə əlaqədar "Fukusima-1” AES-dən təmizlənmiş suyun axıdılmasının növbəti mərhələsini dayandırıblar. Stansiya əməkdaşları da təxliyyə həyata keçirib. Bunun ölkədə sunami təhlükəsi elan olunduğu halda standart təhlükəsizlik proseduru olduğu vurğulanır. "Fukusima-1” AES Sakit okean sahilində yerləşir.

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Kaliforniya, Oreqon və Vaşinqton ştatları da sunami ilə bağlı xəbərdarlıq altındadır. Milli Hava Xidməti ərazidə yaşayan əhalini xəbərdarlıq verildiyi təqdirdə təxliyəyə hazırlaşmağa və hava xəbərdarlığına əməl etməyə çağırıb.

Bu arada Kamçatkanın Yelizovski rayonunda, "Vodopadnaya” meteostansiyasının yaxınlığında dalğanın hündürlüyü 3-4 m olan sunami qeydə alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->