Xəbər lenti

Rusiya Yaponiya vətəndaşlarına girişi yasaqladı, Tokio etiraz etdi - Səbəb nədir?
Dünya 11:15 12.11.2025

Rusiya Yaponiya vətəndaşlarına girişi yasaqladı, Tokio etiraz etdi - Səbəb nədir?

Yaponiya Rusiyanın daha 30 yapon vətəndaşına — o cümlədən ölkənin Xarici İşlər Nazirliyinin sözçüsünə — giriş qadağası qoyması qərarını "tamamilə qəbuledilməz” adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.

Qeyd olunur ki, Rusiya bu addımı Yaponiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəyə görə Rusiyaya sanksiyalar tətbiq etməsinə cavab olaraq atıb. Sentyabrda Tokio bir sıra rus şirkətləri, fiziki şəxslər və digər qurumlara qarşı əlavə sanksiyalar tətbiq etmiş, eyni zamanda dəniz yolu ilə idxal olunan Rusiya neftinə kvotanı azaltmışdı.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı yeni "məhdudiyyətsiz giriş qadağası” siyahısını yayıb. Siyahıya Yaponiya XİN sözçüsü Toşihiro Kitamura, həmçinin jurnalistlər və alimlər də daxil edilib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kixara bu qərarı "təəssüf doğuran və əsassız” addım adlandıraraq Rusiyaya etirazını bildirib. O, iki ölkə arasında humanitar və ictimai əlaqələrin hələ də vacib olduğunu vurğulayıb və Rusiyanı Ukraynaya təcavüzə görə məsuliyyətdən yayınmaqda ittiham edib.

"Reuters”in məlumatına görə, Rusiya bu addımı digər Qərb ölkələrinin analoji sanksiyalarına cavab olaraq atıb.

Bununla belə, Yaponiya ABŞ-ın müttəfiqlərinə Moskvaya təzyiq göstərmək üçün münasibətləri kəsmək çağırışına baxmayaraq, hələ də Uzaq Şərqdəki Saxalin adasından enerji daşıyıcıları idxal etməyə davam edir.

Kixara, Britaniyanın Rusiya qaz tədarükünün sığortalanmasına qoyduğu qadağanın Saxalin enerji layihələrinə necə təsir edəcəyi və Tokionun Moskvaya qarşı sanksiyaları gücləndirib-gücləndirməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib. O, Yaponiyanın həm Ukraynada sülhün bərpası, həm də milli maraqlarının qorunması istiqamətində müvafiq addımlar atacağını bildirib.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi daha əvvəl ABŞ, Böyük Britaniya və Avropa İttifaqının "Rosneft” və "Lukoil” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların Rusiyanın neft-qaz gəlirlərini ayda 5,5 milyard dollar azalda biləcəyini açıqlamışdı.

Eyni zamanda "Reuters” yazır ki, bu sanksiyalar "Lukoil”in xarici fəaliyyət şəbəkəsini çökdürüb. Norveç şirkətlərindən birinin baş direktoru bildirib ki, "Lukoil”in beynəlxalq fəaliyyəti faktiki olaraq iflic vəziyyətindədir və bunun nəticəsində yüzlərlə iş yeri təhlükə altındadır, neft emalı güclərinin işi isə ciddi şəkildə pozula bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->