Günəş aktivliyinin nəticəsində baş verən maqnit qasırğaları və bu hadisələrin yaratdığı qütb işıqları təkcə göy üzündəki mənzərəni deyil, insan sağlamlığını da təsir edə bilər.
Qaynarinfo-nun məlumatına görə, son araşdırmalar göstərir ki, bu təbii elektromaqnit hadisələr ürək döyüntüsünə və ümumilikdə insanın sinir sistemi tarazlığına təsir edir.
Ürək dəyişikliklərə cavab verir
ABŞ-da yayımlanan Earth.com nəşrinin məlumatına görə, beş aylıq sahə müşahidəsi zamanı alimlər insanlarda ürək ritminin dəyişkənliyi (HRV – Heart Rate Variability) ilə günəş və kosmik fəallıq arasında güclü korrelyasiya aşkarlayıblar.
"HRV-nin günəşdən gələn elektromaqnit enerji, Şuman rezonansının gücü və Günəş sistemindən kənardan daxil olan enerjilərlə əlaqəsi çox aydındır", deyə "HeartMath" İnstitutundan Rollin Makkrati bildirib.
Səssiz günlərdə belə bədən reaksiya verir
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Kardiologiya Mərkəzindən Dr. Abdullah Alabdulqader 16 sağlam könüllü üzərində həftəlik 72 saatlıq EKQ müşahidələri aparıb. Nəticələr NASA və Finlandiyanın Sodankylä Rəsədxanası tərəfindən toplanmış günəş küləyi sürəti, günəş ləkələrinin sayı, kosmik şüalar və yerli geomaqnit indeksləri ilə qarşılaşdırılıb.
Alimlər müəyyən ediblər ki, günəş küləyinin güclənməsi ilə ürək döyüntüləri də sürətlənir. Bu isə orqanizmin stresə bioloji cavabı kimi qiymətləndirilir. Günəş küləyi artdıqca, ürək döyüntüləri arasındakı intervallar qısalır – bu da simpatik sinir sisteminin aktivləşməsinə işarədir.
Maqnit sakitlik həmişə xeyirli deyil
HRV adətən üç tezlik zonasına bölünür: yüksək, aşağı və çox aşağı tezlikli dəyişikliklər. Səudiyyə komandası günəş radio axını, Şuman rezonansı və kosmik şüaların artması ilə bu üç göstəricinin də yüksəldiyini müşahidə edib. Kosmik şüalar xüsusilə güclü təsir göstərib və bu təsir 40 saatadək davam edib.
Avropada aparılan paralel bir araşdırma isə kosmik şüaların artması ilə bədəndə iltihab göstəricisi olan C-reaktiv zülalın səviyyəsinin azaldığını aşkara çıxarıb.
ABŞ-ın 263 şəhərində aparılan statistik təhlil də maraqlı nəticələr ortaya qoyub: maqnit sahəsinin pozulması günlərində ürək-damar xəstəliklərindən ölüm halları nəzərəçarpacaq dərəcədə artır.
Beyin və ürək təbiətlə "ahəngdə" ola bilər
Alimlər güman edir ki, milyonlarla kilometr uzaqlıqdan gələn yüklü hissəciklər ionosferə təsir göstərərək, ultra aşağı tezlikli dalğaları dəyişdirir və bu da həm ürək, həm də beynin fəaliyyətinə təsir edə bilir.
1950-ci illərdə neyrobioloqlar artıq müşahidə etmişdi ki, Şuman rezonansının əsas zirvəsi olan 7.83 Hz tezliyi beynin alfa dalğaları ilə uyğunluq təşkil edir. Müasir EEG ölçmələri göstərir ki, bu rezonans dalğaları geomaqnit artımlar zamanı beyində qısa müddətli uyğunlaşma yaradır.
Bu tezliklər eyni zamanda HRV-nin yüksək tezlikli hissəsinə təsir edən "vagus" siniri siqnalları ilə üst-üstə düşür. Səudiyyədən gələn məlumatlar ürək və beynin təbii elektromaqnit siqnallarla sinxronlaşa biləcəyini bir daha təsdiqləyir.
Aydın
Şərhlər