Statistikaya əsasən, Azərbaycanda yaşa görə pensiya alanların sayı sürətlə azalır. Avqustda yaşa görə pensiya alanların sayı 710 775, sentyabrda 708845 nəfər olub. Bir ayda azalma sayı 1930 nəfərə çatıb.
Bəs,yaşa görə pensiya alanların sayı niyə azalır?
İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, insanlar qocalmadan vəfat edir. İqtisadçı deyib ki, yaşa görə verilən təqaüdlər azalırsa, deməli, həmin yaş qrupuna daxil olan əhalinin ölüm halları artır:
"Pensiyaçıların sayının azalmasının əsas səbəbi odur ki, insanlar qocalığın erkən çağında vəfat edirlər. Sırf yaşa görə verilən pensiyaların azalmasının səbəbi ancaq budur".
Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda insanların öznün sağlamlıq mədəniyyətinin arzuolunan səviyyədə olmadığını xatırladıb:
"İnsanlar arzuolunan qədər səhhətini qorumur. Bu çox mühüm amildir. İnsanlar səhhətinin qayğısına qalmağı bacarmırlar. İkincisi, səhiyyə xidmətidir. Bizdən əvvəlki nəsil müalicəvi bitkilərdən istifadə edirdi. O vaxt adamlar bitkilərlə müalicədə daha çox məlumata malik idi, nəinki indi. İndi insanların sağlamlığının qayğısına qalması arzuolunan səviyyədə deyil. Ölkədə səhiyyə xidmətinin keyfiyyəti əsas amildir. Adamlar xəstə olan kimi dərhal xarici ölkəyə üz tutur. Bunlar bir-biri ilə əlaqəlidir. Onların səhiyyə ilə bağlı bilikləri yerində olsa vaxtaşırı həkim müayinəsindən keçərlər”.
Əhməd Qəşəmoğlu hesab edir ki, insanlar özbaşına dərman preparatlarından istifadə etməməlidir:
"Əgər insanlar uzun ömürlü yaşamaq istəyirlərsə, vaxtında müayinə olunmalıdırlar. Bundan əlavə uzunömürlülükdə həm də iqtisadi faktorlar rol oynayır. İnsanın sağlamlıq mədəniyyəti arzuolunan səviyyədə olmayanda qidalardan necə gəldi istifadə edəcək. İnsanlara tövsiyyəm, sağlamlıq mədəniyyəti ilə səhiyyə xidmətinə fikir versələr ömürlərini uzada biləcəklər".
Bahar Rüstəmli
Şərhlər