"Qərb təəssüf ki, bu günə qədər baş verən hadisələrə adekvat reaksiya verməyib. Ona görə də təhlükəsizliyin təmini üçün yeni hərbi variantlar hazırlamağa məcburdurlar ki, onlar da strateji hədəflərə, ehtiyat və sonuncu addım variantlarına hesablanmış addımlardan ibarətdir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukrayna Baş Qərargah rəislərinin Avropada davamlı sülhə nail olmaq üçün hazırladıqları, danışıqları dəstəkləyəcək hərbi variantların nədən ibarət ola biləcəyindən danışarkən deyib.
"Rusiya-Ukrayna müharibəsi həm Avropa, həm də NATO-nu bir növ yuxudan oyatdı. Uzun illər gözləmə mövqeyi tutan NATO indi məcburiyyət qarşısında qalıb bəzi işləri fors-major qaydasında həyata keçirməyə məhkum olub. Ona görə də indi mövcud tələblərə cavab verən birgə, həm də gecikmiş hərbi planlar hazırlayırlar. ABŞ, Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Finlandiya və Ukrayna davamlı və möhkəm sülh üçün hansı addımların atılmalı olduğunu müzakirə ediblər. Davamlı sülhün təmini üçün güclü hərbi qüvvə olmalıdır. Bu hərbi qüvvə də indi-indi hərəkətə gəlir", deyə həmsöhbətimiz bildirib.
Ekspert qeyd edir ki, NATO-nun birləşmiş qüvvələri əvvəldən vahid model şəklində güclü olsaydı, Rusiya bu cür özbaşınalıqlara getməyə cürət etməzdi:
"Qərbin haqqında danışılan hərbi variantları mövcud vəziyyəti nəzərə alaraq strateji hədəflərə, ehtiyat hərəkət və sonuncu addım variantlarına hesablanmış addımlardan ibarətdir. Zamanında keçirilən və ona sərf olunan milyardlarla vəsait təyinatı üzrə istifadə olunmayıb. NATO-nun birləşmiş qüvvələri lap əvvəldən vahid model şəklində güclü olsaydı, Rusiya bu cür özbaşınalığa yol verməzdi. Amma gec olsa da, Qərb nəticə əldə etmək üçün artıq ayağa qalxıb. Yoxsa, uzun müddətli hazırlıqlar heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Baş Qərargahlar səviyyəsində müzakirələr çevik, operativ və baş verən hadisələrə adekvat olmalıdır. Hələliksə, bu məsələdə axsaqlıq hökm sürür. Ona görə də Qərb təhlükəsizliyi təmin etmək üçün yeni variantlar hazırlamağa məcburdur".
Qeyd edək ki, verilən məlumatlara görə, ABŞ, Ukrayna və daha beş ölkənin Baş Qərargah rəisləri, eləcə də NATO-nun birləşmiş silahlı qüvvələrinin Avropadakı ali baş komandanlığı diplomatik səylər çərçivəsində sülhün əldə olunması məqsədilə hərbi planlar hazırlayıblar. Bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Cozef Holstedin bəyanatında bildirilib.
Məlumata görə, sözügedən müzakirələr avqustun 19–20-də Vaşinqtonda keçirilib. Görüşdə ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynadan olan hərbçilər iştirak ediblər.
"Baş Qərargah rəisləri Avropada davamlı sülhə nail olmaq üçün danışıqları dəstəkləyəcək hərbi variantlar hazırlayıblar. Bu variantlar hər bir ölkənin milli təhlükəsizlik üzrə məsləhətçilərinə təqdim olunacaq və diplomatik proses davam etdikcə planlaşdırma və kommunikasiya davam etdiriləcək”, deyə bəyanatda vurğulanır.
Rüfət Sultan
Şərhlər