"Nikol Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı görünsə də, Ermənistan daxilindəki reallıqlar bunun qarşısını alır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu İrəvanın sülh prosesindən yayınmasını şərh edərkən deyib.
Siyasi şərhçi bildirib ki, prosesin uzanması bəzi geosiyasi qüvvələrin regionda yeni savaşda maraqlı olduqlarının göstəricisidir:
"Qərb təşviq və təzyiq vasitəsilə sülh prosesini sürətləndirmək istəyir. Sülh sazişinin imzalanmasının yubanmasının məsuliyyəti İrəvan və "kənar qüvvə"lərin üzərinə düşür. Rəsmi Bakı sülh danışıqları üzrə 5 baza prinsipini təklif edib və danışıqlarda həmin prinsiplər ətrafında müzakirələr aparmaqdan yayınmır. Azərbaycan Qarabağda yaşayıb ərazini könüllü tərk etmiş ermənilərlə paralel Ermənistandakı ata-baba yurdlarından zorla qovulan Qərbi azərbaycanlı soydaşlarımızın öz yurdlarına eyni statusda qayıtmasını da artıq danışıqlar masasında müzakirəyə gündəliyinə daxil edib. Proses uzansa və ya sürətlənsə də, Azərbaycanın məsələ ətrafında çox aydın və milli maraqlarımıza cavab verən mövqeyi formalaşıb".
Azər Rəşidoğlu hesab edir ki, bu istiqamətdə Azərbaycanın hər hansı bir güzəştli addım atacağı mümkün deyil:
"Əvvəllər ABŞ ATƏT-in Minsk qrupunun tərkibində məsələlərə daxil ola bilirdi. İndi ATƏT-in Minsk qrupu yoxdur. Azərbaycan bu vasitəçilərin "dirilməsini" arzulamır".
Şərhçi onu da bildirib ki, Rusiya da Ukraynaya qarşı müharibə aparması səbəbindən tətbiq olunan sanksiyalarla əlaqədar təşkilatdan imtina edib:
"Belə olan halda ABŞ da Rusiya kimi Ermənistan-Azərbaycan danışıqları üzrə xüsusi nümayəndə təyin etməli olub. Əslində ABŞ sülh, əməkdaşlıq və birbaşa dialoqda maraqlıdır. Amma proseslərə təsir etmək üçün əsas alətlər Rusiyanın əlindədir. İndi Türkiyə də regionda fəaldır. Avropa İttifaqı müəyyən rola malikdir. İndi ABŞ dördüncü oyunçu olmaq istəyir. Amma ABŞ-ın əlində prosesə ciddi təsir edəcək imkanı yoxdur. Odur ki, sülh sazişini imzalatmaqla ABŞ proseslərə müdaxilə etmək istəyir".
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfəri ilə bağlı paylaşımında tərəflərə sülhə çağırıb. O, bəyan edib ki, Cənubi Qafqazın sosial-iqtisadi potensialını yüksəltməyə imkan verəcək sülh sazişinin imzalanmasının vaxtıdır.
Siyasət şöbəsi
Şərhlər