Xəbər lenti

İdman 15:36 22.09.2023

"Qəbələ”nin müdafiəçisi: “Səviyyəmizdən aşağı çıxış edəcəyimiz gözlənilən idi”

Premyer Liqaya uğursuz başlayan "Qəbələ” hələ də toparlanmaqda çətinlik çəkir. Baxmayaraq ki, komanda beşinci turda "Zirə” üzərində minimalhesablı qələbə qazanmışdı. 

Bölgə təmsilçisinin əsas üzvlərindən olan, hazırda zədəsini müalicə etdirən Urfan Abbasov Qaynarinfo-ya açıqlamasında komandanın hazırkı durumundan danışıb. O, əvvəlcə zədəsinin hansı durumda olduğunu deyib:

"Müalicə alıram. Məşqlərə qoşulmuram. Səhərlər müalicəyə gedirəm, bərpa dönəmini keçirəm. Yəqin ki, bir həftəyə, "Qarabağ”la oyundan sonra yavaş-yavaş məşqlərə başlayıb, komandaya qoşulacağam”.

Müdafiəçi komandanın toparlana bilməməsini belə izah edib:

"Zirə” üzərində qələbədən sonra, tempi saxlamaq lazım idi. Şükürlər olsun ki, "Turan Tovuz”la oyunda, hesabda geri düşməyimizə baxmayaraq, sonradan toparlanıb iki qol vura bildik. Bir xalı rəqib meydançasında qazanmağımızın, düşünürəm ki, bizə faydası oldu. Növbəti rəqibimiz hamımızın yaxşı tanıdığı "Qarabağ”dır. Güclü rəqibdir, çalışacağıq ən azı bir xal götürək. Dörd məğlubiyyətdən sonra, qələbə qazandıq və hələ ki, hazırlıqalrımız yaxşı keçir. İnşallah qələbələrimizi davam etdirmək istəyirik. Can qoymaq, son iki oyundakı əzmkarlığı göstərmək lazımdır. "Qarabağ” "Molde” ilə oyunda qələbə qazandı. Yəqin ki, heyətdə rotasiyalar olacaq və çox oynayanlara istirahət veriləcək. Bundan istifadə etmək lazımdır. Təzə oyunçular çoxdur. Onların uyğunlaşması, üstəlik ardıcıl məğlubiyyətlər bizə pis təsir etdi. Çalışacağıq. Məşqçilər də bunu bizdən istəyir ki, "Qəbələ” əvvəlki formasına qayıtsın. Fikrimcə, ilk dörd oyunda əzmkarlıq, hər top uğrunda vuruşmaq yox idi. Son iki oyunda bu mənada müsbətə doğru dəyişikliklər var. Yəqin ki, oyunumuzda da düzəlişlər olacaq və nəticələr ard-arda gələcək. Komandanın 90 faizi dəyişib. Öz səviyyəmizdən aşağı çıxış edəcəyimiz gözlənilən idi. Oyundan-oyuna inkişafa, xallar qazanmağa çalışacağıq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->