Sabah kubokun yaımfinal mərhələsi çərçivəsində cavab oyunları baş tutacaq.
Cavab oyunları çərçivəsində "Zirə” səfərdə "Qəbələ”nin qonağı olacaq. Hazırda turnir cədvəlində sonuncu pillədə olan "Qəbələ”nin kapitanı Urfan Abbasov Qaynarinfo-ya açıqlamasında həm sabahkı matçı dəyərləndirib, həm də komandasının durumundan danışıb.
"hazırlıq yaxşı gedir, oyunun vacibliyin bilirik. Ümidlərimizi kuboka bağlamışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, çəkdiyimiz əziyyətin bəhrəsini görək. Durumumuzun belə olmasını heç kim istəməzdi. Amma kubokun buna dəxli yoxdur. Bu mərhələyə qədər gəlmişik. Hər şey özümüzdən asılıdır, evdə oynayırıq. Sonuncu, "Qarabağ”la oyunda etdiyimiz heç-heçə uşaqlarda ruh yüksəkliyi yaradıb. "Zirə” ilə oyunda özümüzü göstərməyə çalışacağıq”.
Abbasov ilk görüşdə 1:2 hesabı ilə məğlub olduqları "Zirə” ilə matçda şansları da dəyərləndirib:
"Zirə”də vəziyyət çox yaxşıdır. Ardıcıl altı oyundur ki, uduzmurlar. İki heç-heçələri, dörd qələbələri var. Orada atmosfer daha yaxşıdır. Dərindən baxsaq, bizim də itirəcəyimiz heç nə yoxdur. İstəyirik ki, ən azı nəticəmiz olsun, finala çıxaq. Bu, bizim üçün ilin oyunu sayılır”.
"Kaxaber Tsxadadzenin gəlişindən sonra komandanın irəli gedəcəyi ilə bağl ümidlər çiçəklənsə də, heç də hər şey gözlənilən kimi olmadı. Gürcü məşqçi gələndən ən yaxşı nəticəsi "Qarabağ”la heç-heçə etmək oldu. Bəs niyə heç nə verə bilmir?
"Tsxadadze gələndə də vəziyyət yaxşı deyildi. Bu il bəxtimiz gətirmədi. Bəzi oyunlarda doğrudan da yaxşı görünürdük. Amma inanılmaz qollar buraxırdıq. Qırmızı vərəqələr olurdu. Hətta elə olub ki, 90 dəqiqəni yaxşı oynamışıq, lakin əlavə vaxtda qol buraxmışıq. Bunu ancaq bəxtlə bağlaya bilərəm. Xal qazana biləcəyimiz oyunlar çox idi. Yəqin ki, oyunlarımzı görürsünüz. Çempionatda üç-dörd yaxşı oyun göstərən komanda var. Qalanları, demək olar, eyni səviyyədədir. Deməzdim ki, məğlubiyyətlərimizin hamısı oyunumuzla bağlıdır. Bəzən bəxt də gətirmədi. Bəlkə də turnir cədvəlində bu yerdə olmazdıq”.
"Qəbələ” azarkeşləri uğursuzluqların əsas səbəbi kimi oyunçuların, xüsusən də heyətdəki əksər legionerlərin keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Bəs kapitan nə düşünür?
"Bu suala nə cavab verəcəyimi bilmirəm. Konkret kimisə günahlandırmaq düzgün deyil. Komanda şəklində oynayırıq. Bir nəfərin oyunu alınmırsa, istənilən halda komandaya ziyan olur. Düzdür, legionerlər gəlibsə, hamı kimi ən yaxşı oyununu göstərməlidir. Çünki hamımız burdan evimizə pul aparırıq. Azarkeşləri başa düşürəm, nəticə istəyirlər. Təəssüf ki, bu il onların ümidlərini doğrulda bilmədik. İnşallah komandanın Premyer Liqada qalmasına ümid edirik. Gələn mövsüm daha yaxşı "Qəbələ” görərik. indi dəqiq bilinmir necə olacaq. Bundan sonrakı beş oyunu udmağımız da nəyəsə kömək etməyəcək”.
Maraqlıdır, futbolçunun yayla bağlı şəxsi planları, başqa klublardan dəvətləri varmı?
"Açığı, heç bir dəvət yoxdur. Həm də "Qəbələ” ilə gələn ilin yayına qədər müqaviləm var. Duruma baxacam, görüm necə olacaq”.
Səbuhi Həsənov
Şərhlər