Xəbər lenti

“Qəbələ”nin kapitanı:
İdman 14:24 25.05.2023

“Qəbələ”nin kapitanı: "Keçən il hakimlərimiz daha gözəl idarəçilik edirdilər"

Azərbaycan Premyer Liqasının 34-cü turunda "Turan Tovuz”la matçda zədələnən "Qəbələ”nin təcrübəli futbolçusu Asif Məmmədov əməliyyat olundu. Ayağından ciddi zədə alan kapitanın ən azı 2-3 ay müddətinə futbol oynaya bilməyəcəyini demək olar.

Qaynarinfo-ya zədəsi, son durumu ilə bağlı açıqlama verən Məmmədov "Qəbələ”nin mövsümünü də dəyərləndirib.

"Ayağa qalxanda ağrılar olur. Bu da normal haldır, inşallah keçər. Əslində, trenajorda zədəli ayağımı gücə salmamaq şərtilə məşq etməyim mümkündür. Ancaq çempionat sona yaxınlaşdığı üçün bu, o qədər də vacib deyil. Yəqin ki, 1 aya yavaş-yavaş məşqlərə başlaya bilərəm. Yəni, çıxıb qaçmağı deyil, sadəcə, zədəli ayağı hərəkətə gətirmək üçün bərpa məşqləri etməyi nəzərdə tuturam”.

Futbolçu bu zədənin karyerasına təsir edə biləcəyindən narahatdır:

"Bildiyiniz kimi, ciddi zədədir. Karyerama təsir edə bilər. Amma inanıram ki, bərpa olub yaşıl meydanlara qayıdacağam. Hələ bir müddət də oynamaq istəyirəm. Düzdür, çətin olacaq, amma məncə, bacaracağam. Üç aya yəqin ki, sağalaram. Əsas sağalmaqdır, məşq asan məsələdir. Ayağımı yerə necə basacağam, ağrılar olacaq, ya yox, sonra biləcəyəm. Əslində, bu elədir ki, əməliyyat etməsən də, müəyyən müddətdən sonra bərpa olur. Sadəcə, idman edə bilmirsən. Ümumiyyətlə, araşdırmışam, hələ ki, axil zədəsinə güclü diaqnoz qoyan adam yoxdur. Kimisi üç, kimisi səkkiz ay, kimisi bir ilə sağalacağını deyir. Nadir hallarda rast gəlinən, həkimlərim praktikasında çox az olan zədədir. Məsələn, bərpa yeri var, ora getdim, dedilər ki, hələ praktikalarında axil zədəsini müalicə etmək təcrübəsi olmayıb. Ayağın o hissəsi nadir hallarda zədələnə bilir. Yəqin ki, ayağımı yerə düz basmamışam. Orqanizmdən də çox şey asılıdır. İnanıram ki, tezliklə sağalacağam”.

Asif "Qəbələ”nin bu mövsümkü çıxışını da dəyərləndirdi:
 
"Bu gün üçün soruşursunuzsa, hələ ki, yaxşıdır. Bilirsiniz, hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu baş verərsə, yaxşı haldır. Əksi olursa, deməli, keçənilkindən daha pisdir. Çünki keçən il avrokuboklara vəsiqə qazanmışdıq. İndiki vəziyyətdə həm kubokun finalındayıq, həm də avrokuboklara vəsiqə qazanmağa yaxınıq. Desəm ki, mövsümün əvvəlində bu pillədə olacağımızı gözləyirdik, yalan olar. Ancaq bəzi oyunlarda buraxdığımız səhvlər olmasaydı, indi daha yuxarı pillələri tuta bilərdik. Düşünürəm ki, keçən ilə nisbətən, bu mövsüm hesabda öndə olduğumuz bir çox oyunlarda arxayınlaşdıq və uduzduq. Ya da heç-heçə etdik. Düşündük ki, rahat uda bilərdik. Diqqətsizlik olduğunu deyərdim”.

Yarımmüdafiəçi kapitan kimi heyətlə bağlı düşüncələrini də bölüşdü:

"Keçən il də yaxşı futbolçularımız vardı. Bu il də belədir. Yeni gələnlər pis qoşulmadı. Kömək etdilər. Klub var ki, 10 legioner gətirilir, beşi yaxşı çıxmır. Bizdə belə bir problem, həm də ciddi zədələr olmadı. Komandaya fayda verdilər. Yəqin ki, Elmar Baxşıyev öz fəlsəfəsini komandaya yeridə bilib. Bu suala başqa cavabım yoxdur. Komanda üç ildir eyni üslubda, baxımlı futbol oynayırsa, deməli, nəsə edə bilir”.

"Qəbələ” hazırda Azərbaycan Premyer Liqasında 4-cü pilləni tutmaq uğrunda "Zirə” ilə mübarizə aparır. Kimin harda qərarlaşacağı isə mövsümün son turunda müəyyənləşəcək. Kapitan 4-cü yeri tutmaq şanslarından da danışdı:
 


"Şanslar, faiz nisbətilə 50-50-yədir. Rəqibin itirəsi heç nəyi yoxdur. Amma bizim itirəcəyimiz çox şey var. Düzdür, qarşıda kubokun finalı da var. Həmin oyuna qədər yaxşı olmasını istəyirik. "Neftçi”nin də itirəcəyi heç nə yoxdur, onlar bizdən fərqli, avrokuboklara çox rahat vəsiqə qazanacaq. Durumumuzu nəzərə alsaq, həyəcanlı olmağımız normaldır. Azərbaycan Premyer Liqasında dördüncü yeri tuta bilməsək, bu kubokun finalındakı oyunumuza təsir edəcək. Desəm ki, etməz, yalan olar”.

Futbolçu kubokun finalında qarşılaşacaqları "Neftçi” ilə matçda "Qəbələ”nin şanslarının az olmadığını dedi:

"Hansı top-komanda ilə oynayırsansa-oyna, amma final qeyri-adidir. Şansın həmişə var. Ona görə şanslar bərabərdir. Hətta "Neftçi”nin şansı daha çox ola bilər. Hansısa oyunlarda pis görünə, amma kubokun finalında daha yaxşı ola bilərsən. "Neftçi” üçüncü yeri tutub, bu amil onların oyunlarına təsir edə bilər. Belədə futbolçunu oyuna kökləmək çətindir. Amma final matçında hər şey fərqli ola bilər. "Neftçi” onsuz da bu il nəsə qazanmaq istəyir. Fikrimcə, canlarını qoyacaqlar ki, heç olmasa kuboku götürsünlər”.

Bu il futbolçuların, məşqçilərin ən çox şikayət etdiyi məqamlardan biri də hakimlikdir. Bəs Məmmədov nə düşünür? "Qəbələ”yə qarşı hansısa qərəz hiss edibmi?

"Səhvlər təkcə bizə qarşı olsa, qərəzli idarəçilik haqda düşünərdik. Ancaq görürsən ki, bütün oyunlarda səhvlər buraxılıb. VAR sistemi Azərbaycana gətirilənə qədər hakimlərimiz daha yaxşı oyun idarə edirdilər. Getdikcə o da düzələr. Yəqin ki, VAR yenidir deyə, uyğunlaşmaq məsələsi var. Düşünürəm ki, keçən il hakimlərimiz daha gözəl idarəçilik edirdilər. Son turlarda yavaş-yavaş düzəlməyə doğru getdiyini görmək olar. Bir də ki, futbolun marağı elə səhvlərdədir. Hakim səhv edəndə ilk ağıla gələn qərəz məsələsi olur. Bu da normaldır”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->