Yüksək rütbəli Vyetnam rəsmiləri Rusiya prezidenti Vladimir Putinin ölkəyə mümkün səfəri səbəbindən Avropa İttifaqının sanksiyaların tətbiqi üzrə xüsusi nümayəndəsi David O'Sullivan ilə əvvəldən planlaşdırılan görüşü təxirə salıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"Mənbələr təxirə salınmanı Putinin Vyetnama mümkün səfərinin təşkili ilə əlaqələndirib. Bir mənbəyə görə, Putinin səfərini Aİ nümayəndəsinin ondan öncəki səfəri "korlaya" bilər", deyə nəşr yazır.
O'Sullivan gələn həftə Cənub-Şərqi Asiyaya səfər edəcək və mayın 13-14-də Vyetnam rəsmiləri ilə görüşməyi planlaşdırırdış. Lakin rəsmi Hanoy "liderlər onunla görüşmək üçün çox məşğul olduğundan" görüşün təxirə salınmasını istəyib.
Qeyd olunur ki, Vyetnam dünyanın böyük dövlətləri ilə münasibətlərində neytral xarici siyasət yürütməyə çalışır.
Aprelin sonunda Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Vyetnama nə vaxt səfər edə biləcəyi ilə bağlı hələlik təfərrüatların olmadığını bildirib.
Vyetnam xəbər portalı Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqun Rusiya prezidenti Vladimir Putini ölkəyə rəsmi səfərə dəvət etdiyini bildirib. Məqalə müəllifi qeyd edib ki, Putin "dəvəti məmnuniyyətlə qəbul edib və hər iki tərəfin öz hərəkətlərini əlaqələndirəcəkləri və uyğun tarixləri razılaşdıracaqları barədə razılığa gəliblər".
Aydın
Şərhlər