"İranlı mütəxəssislər ölkənin Ali dini liderini inandırıblar ki, qarşıdakı 2-3 ay ərzində nüvə sahəsində inqilabi uğurlara imza atacaqlar. Ona görə də bu müddətdə Tehran diplomatik manevrlərlə vaxt qazanmaq istəyir”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev İranın ABŞ-la danışıqlarda müvəqqəti nüvə sazişi təklifi ilə çıxış edəcəyi barədə məlumatı şərh edərkən deyib:
"Tehran rejimi gözəl anlayır ki, nüvə sazişi ətrafında danışıqların baş tutmaması İrana qarşı gözlənilən hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Ona görə də ABŞ və İsraillə birbaşa savaşı gözə almaqdan çəkinən rəsmi Tehran müxtəlif variantlardan istifadə etməklə hərbi qarşıdurmadan yayınmağa çalışır. Onun da ən yaxşı variantlarından biri müvəqqəti saziş adı altında əsas sazişdən öncə qəbulediləcək prosesin başladılmasıdır. İran belədə vaxt qazanmaqla mümkün hərbi əməliyyatlardan yayınmağı düşünür. Doğrudur, 2-3 ay İrana əhəmiyyətli vaxt qazandırmayacaq, əgər onun arxasında İranın nüvə ilə bağlı gözləntilərinin reallaşa biləcəyi ehtimalları yüksək deyilsə. Görünür, iranlı mütəxəssislər ölkənin ali dini liderini inandırıblar ki, qarşıdakı 2-3 ay ərzində nüvə sahəsində inqilabi nəticələri olan uğura imza atacaqlar. Ona görə də bu müddətdə Tehran diplomatik manevrlərlə vaxt qazanmaq istəyir”.
Politoloq qeyd edir ki, İran həmçinin, ABŞ-ın mövqeyinin kəskin ola biləcəyinin fərqində olduğundan, MAQATE əməkdaşlarının nüvə obyektlərinə girişinin çoxaldılması, 60 faiz zənginləşdirilmiş uranın azaldılmasını da müvəqqəti razılaşmaya daxil etməyə razıdır:
"İran bununla nüvə enerjisinin əldə edilməsində gizli fəaliyyətinin kənarda saxlanılmasına çalışır. Tehran anlayır ki, nüvə silahını əldə etməkdən rəsmi imtinası belə nə ABŞ, nə də İsrailin İran siyasətini dəyişməyəcək. Bu siyasət İranın hazırda yürütdüyü xarici siyasət doktrinasından imtina etdiyi halda dəyişə bilər. Məhz onun dəyişməyəcəyinin fərqində olduqlarından ABŞ və müttəfiqləri diplomatik danışıqlarla paralel hərbi senariyə də hazırlaşırlar”.
Qeyd edək ki "Axios” nəşrinin mənbələrə istinadən məlumatına görə, İran ABŞ-la Omanda keçiriləcək danışıqlarda müvəqqəti nüvə sazişi təklif edə bilər.
Məlumata görə, İran rəsmiləri iki ay ərzində texniki cəhətdən mürəkkəb hərtərəfli saziş üzrə razılığa gəlməyin real olmadığını düşünür və gərginliyin qarşısını almaq üçün daha çox vaxt istəyir:
"Müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi işlərinin bir hissəsinin dayandırılmasını, 60% zənginləşdirilmiş uran ehtiyatının azaldılmasını və BMT müfəttişlərinə ölkənin nüvə obyektlərinə daha çox girişin verilməsini əhatə edə bilər”.
ABŞ və İran rəsmiləri arasında aprelin 12-də Omanda görüş keçiriləcək.
Rüfət Sultan
Şərhlər