Xəbər lenti

Məktəblərdə telefon qadağası nəticə verəcəkmi? (ŞƏRH)
Ölkə 13:55 19.09.2025

Məktəblərdə telefon qadağası nəticə verəcəkmi? (ŞƏRH)

Bir neçə aydır ki, məktəblərdə mobil telefonların istifadəsinə məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı məlumatlar geniş yayılıb. Məlumatda bildirilirdi ki, yeni dərs ilində dərs zamanı ağıllı telefonlar tamamilə qadağan ediləcək, yalnız zəng funksiyası olan telefonlardan istifadəyə icazə veriləcək. Burada məqsəd şagirdlərin diqqətini dərsə yönəltməkdir. 

Bəs, bu qadağa hansı yaş qruplarını əhatə edəcək?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində orta ümumtəhsil məktəblərində mobil telefonlardan istifadə qadağan edilib: 

"Bəzilərində tamamliylə, bəzilərində isə müəyyən şərtlər əsasında qadağan edilib. Yaponiya məktəblərində bu, bir ənənədir. Orada 3 qadağadan biri də mobil telefon və digər smart cihazlardır. Şagirdlərin tapşırıqları üçün lazım olan müəyyən elektron avadanlıqlar isə məktəb tərəfindən dərs prosesində təmin olunur. Biz artıq gecikmişik. Hər il deyirdik ki, mobil telefon qadağan olunsun və s. Bu gündəm olsa da söz olaraq qalırdı. Məsələn, bəzi ölkələrdə qadağalar var ki, şagird məktəbə telefon gətirsə də orada müəyyən nəzarətçilər tərəfindən bütün telefonlar onlardan təhvil alınır və saxlama yerinə verilir. Dərs prosesindən sonra şagirdin evi ilə əlaqə saxlamaq və digər zəruri zəngləri həyata keçirtmək üçün onlara təhvil verilirdi".
 


Elmin Nurinin fikirincə, bu sistem Azərbaycanda tətbiq olunsa, xaos yarana bilər:

"Birincisi, gərək hər məktəbdə bunun üçün əməkdaşlar ayrılsın. Hər bir əməkdaşın da öz işi var. Məktəbdə bir telefonun itməsi, yaxud da dəyişik düşməsinin nəyə gətirib çıxaracağını hamı yaxşı bilir. Ən yaxşı qərar elə biz tərəfdən verilib. Beynəlxalq təcrübədə mobil telefondan çox smart-ağıllı cihazlardan istifadə qadağan olunub. Əgər bu qərar icra olunacaqsa, mən bunu təqdirəlayiq hesab edirəm. Yalnız zəng funksiyası olan mobil telefonların qadağasına ehtiyac yoxdur. Çünki şagird öz ailəsi ilə əlaqə saxlamalıdır. Müəyyən prosedurlar ola bilər. Bunun üçün mütləq ona informasiyanın ötürülməsi aləti lazımdır. Bunu zəng funksiyalı telefon vasitəsi ilə də edə bilər. Düşünürəm ki, bu ağıllı qərardır".

Elmin Nuri hesab edir ki, bu qərarın 1-ci sinifdən 11-ci sinifə kimi təhsil alanlara şamil olunması vacibdir:

"Biz bunu ən azı 5 il əvvəl etməli idik. Bu gün smart cihazlar şagirdlərə həm davranış qaydaları kodeksindən, həm dərsə fokuslanma, həm psixoloji və zehni zərərləri baxımından çox mənfidir. Sevinirəm ki, biz bu detallara xırda nüanslara qədər diqqət etmişik. Amma bu məsələnin birinci hissəsidir, bizi isə ikinci hissə maraqlandırır. Ən azı bu il söz olaraq deyil, tətbiq olaraq həyata keçəcək, əsas məsələ onun icrasını biz görəcəyik".

Ekspert məktəblərdə nəzarət mexanizmlərinin güclü olmasının vacibliyini vurğualyıb:

"Nəzarət ciddi olmayacağı təqdirdə nə qədər danışılsa da mənasızdır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->