Hind əsilli müsəlman siyasətçi Zohran Kveym Mamdani (Zohran Kwame Mamdani) Demokratlar Partiyasının Nyu-York meri vəzifəsinə namizəd göstərildikdən sonra ABŞ siyasətində ciddi rezonans doğurub.
Qaynarinfo-nun verdiyi xəbərə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mamdanini deportasiya ilə hədələyib, bu isə Demokratlar Partiyası daxilində parçalanmalara səbəb olub.
Ötən həftə Demokratlar Partiyasının Nyu-York meri vəzifəsinə keçirilən ilkin seçkilərdə qalib gələn Mamdani, sosialist yönümlü vədləri və müsəlman kimliyi səbəbilə həm partiya daxilində, həm də ölkə miqyasında geniş tənqid olunub.
İlkin seçkilərdəki qələbəsindən sonra Mamdani Trampın da hədəfinə tuş gəlib. Tramp bildirib ki, Mamdani qeyri-qanuni miqrantların deportasiyasına mane olacağı halda onu "həbs etdirəcək" və "ölkədən çıxaracaq". O, "X" sosial şəbəkəsində yazıb: "ABŞ prezidenti kimi bu kommunist manyağın Nyu-Yorku məhv etməsinə icazə verməyəcəyəm".
Özünü "sosialist” adlandıran Mamdani mənzil böhranı ilə mübarizə məqsədilə kirayə haqlarına limit qoyulmasını müdafiə edir. O, həmçinin polis büdcəsinin azaldılaraq sosial xidmətlərə yönəldilməsini, ictimai nəqliyyatın pulsuz olmasını, 6 ay–5 yaş arası uşaqlar üçün dövlət baxımının tətbiq olunmasını və enerji şirkətlərinin milliləşdirilməsini təklif edir. Mamdani, ölkədə dollar milyarderlərinin olmaması fikrini də açıq şəkildə müdafiə edir.
"Bu hədə qorxunu qəbul etmirik"
Mamdanı Trampın deportasiya təhdidlərinə sərt cavab verib. O, bu təhdidi ABŞ-ın Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) Nyu-Yorkdakı siyasətlərinə qarşı çıxması ilə əlaqələndirib: "Mən heç bir qanunu pozmamışam. Amma ICE-ın şəhərimizi qorxu içində saxlamasına icazə verməyəcəyəm".
Mamdanı əlavə edib ki, bu təhdid yalnız ona deyil, bütün Nyu-Yorklulara yönəlib: "Bu hədə qorxunu qəbul etmirik".
İslamofob nifrət hücumları artıb
Mamdaninin ilkin seçkilərdəki qələbəsindən sonra ona qarşı sosial mediada müsəlman əleyhinə nifrət paylaşımlarının sayı xeyli artıb. Onlarla ölüm təhdidi, namizədliyinin 11 sentyabr terror aktlarına bənzədilməsi kimi paylaşımlar yayılıb. "Amerika-İslam Əlaqələri Şurası"na (CAIR) bağlı "CAIR Action" təşkilatı, seçkilərdən sonrakı ilk 24 saat ərzində Mamdani və onun kampaniyasına qarşı azı 127 zorakılıq təhdidi və nifrət hadisəsi qeydə aldıqlarını açıqlayıb.
Respublikaçılar Partiyasının Konqres üzvü Endi Oqls Mamdanini "kiçik Məhəmməd” adlandıraraq onun vətəndaşlığının ləğv edilməsini və deportasiyasını tələb edib. Laura Lumer və Çarli Kərk kimi tanınmış radikal sosial media fiqurları Mamdanini "HƏMAS-ı dəstəkləyən terrorçu” kimi təqdim ediblər.
"Netanyahunu həbs etdirərəm"
Fələstin xalqının mübarizəsinə açıq dəstək verən Mamdani İsrailin Qəzzaya hücumlarını "soyqırımı” adlandırıb və ABŞ-ın İsrailə hərbi yardımlarının dərhal dayandırılmasını tələb edib. O, ötən il verdiyi müsahibədə, mer seçiləcəyi halda Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı İsrailin baş naziri Benyamin Netanyahunun Nyu-Yorka gələcəyi halda onun həbs olunacağını söyləmişdi.
Demokratlar arasında parçalanma
Bir neçə ay əvvəl adı geniş ictimaiyyətə tanış olmayan 33 yaşlı siyasətçi əvvəlcə Kvins bölgəsindən şəhər şurasına üzv seçilmişdi. Şiə məzhəbinə mənsub olan Mamdaninin sürətli yüksəlişi Demokratlar Partiyası daxilindəki ideoloji fərqləri də üzə çıxarıb. Aleksandriya Okasio-Kortes (Alexandria Ocasio-Cortez) kimi fiqurların təmsil etdiyi solçu qanad Mamdanini "yeni nəsil lider” kimi dəyərləndirir və onun gənc və işçi sinif seçicilərini birləşdirə biləcəyini düşünür.
Lakin partiyanın "mötədil” qanadı Mamdaninin Fələstinə dair mövqeyini və Netanyahunu həbs etdirmə vədini onu "ifrat” və təhlükəli namizəd kimi görməyə əsas kimi göstərir.
Tanınmış siyasətçilərdən hələ də dəstək yoxdur
Mamdaninin ilkin seçkilərdəki qələbəsinə baxmayaraq, Nyu-Yorkdakı Demokratlar Partiyasının nüfuzlu simaları hələ də ona açıq dəstək verməyiblər. Onların arasında Senatın çoxluq lideri Çak Şumer (Chuck Schumer), Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris (Hakeem Jeffries) və Nyu-Yorkun qubernatoru Keti Hoçul (Kathy Hochul) yer alır.
Mamdaninin uğuru xüsusilə immiqrant, gənc və aşağı gəlirli seçicilər arasında geniş rezonans doğurub. Onun sosialist vədləri və ənənəvi siyasətə qarşı sərgilədiyi mövqe, sistemə qarşı etimadsızlıq nümayiş etdirən kütlələrdən güclü dəstək qazanmasına səbəb olub. Bu yüksəliş yalnız Nyu-Yorkun siyasi gələcəyi üçün deyil, həm də 2026-cı il ara seçkiləri və 2028-ci il prezident seçkiləri baxımından önəmli siqnal kimi qiymətləndirilir. Ağ Ev və Demokratlar Partiyası rəhbərliyi prosesi yaxından izləyir.
Tərcümə: Qaynarinfo
Şərhlər