IDEA İctimai Birliyi tərəfindən Kür çayının sahilində və Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası təşkil edilib.
Neftçala rayonunun ərazisində keçirilən və 100-dən çox IDEA könüllüsünün iştirak etdiyi aksiyada sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlar istifadə edilərək Kür çayı və onun sahilləri müxtəlif məişət tullantıları, balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torları və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizlənib.
Bu cür alətlər və yığılan məişət tullantıları balıqların kürüləmə dövrünə təsadüf edən cari aylarda daha ciddi təhlükə yaradır. Balıqların çoxalmaq üçün çayın dənizlə qovuşduğu bu əraziyə toplandığı bir vaxtda həm onların tutulması, həm də kürüləmə üçün seçdikləri sahil və dayaz suların çirklənməsi Xəzərin gələcək bioresurslarına birbaşa zərbə vurur.
Həyata keçirilən tədbirlər nəticəsində 2.5 tondan çox tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına mənfi təsirləri barədə məlumat verilib.
IDEA İctimai Birliyi verilən texniki dəstəyə görə Dövlət Sərhəd Xidmətinə, eləcə də aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa və sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. IDEA hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə və həyata keçirilən tədbirlərə könüllü qismində qoşulmağa çağırır.
Şərhlər