Avropa Kosmik Agentliyinin (ESA) yayımladığı yeni "Kosmik Mühit Hesabatı" Yer kürəsinin ətrafındakı orbitdə artmaqda olan kosmik tullantı problemini bir daha gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, hesabata görə, hazırda Yer orbitində 1,2 milyondan çox, diametri 1 santimetrdən böyük olan obyekt var. Bu obyektlər fəaliyyət göstərən peyklər və digər mühüm kosmik infrastruktur üçün ciddi təhlükə yaradır.
ESA xəbərdarlıq edir ki, bu cür tullantıların varlığı gələcək kosmos araşdırmalarını ciddi şəkildə təhlükə altına sala bilər. 2024-cü il ərzində baş verən bəzi hadisələr, tarixdə ən çox tullantı yaradan anlar kimi qeydə alınıb və orbitdəki mühitin getdikcə daha təhlükəli hala gəldiyi bildirilib.
Ölçüləri və sürəti təhlükəni artırır
ESA-nın məlumatına görə, orbitdəki bu obyektlərdən təxminən 50.000-i 10 santimetr və ya daha böyük ölçüdədir ki, bu da hər hansı peyki sıradan çıxarmağa kifayət edir. Üstəlik, daha kiçik, lakin ölümcül sürətlə hərəkət edən parçalarsa radarlar tərəfindən müəyyən edilə bilmir və adətən təhlükə çox gec başa düşülür.
Kosmik tullantıların yaratdığı təhlükələr nəzəri deyil. Hər gün hava proqnozu peykləri, GPS sistemləri və digər vacib peyklər bu tullantılardan yayınmaq üçün manevrlər etmək məcburiyyətində qalır. Beynəlxalq Kosmik Stansiya (ISS) indiyədək dəfələrlə bu səbəbdən istiqamətini dəyişmək məcburiyyətində qalıb. ESA gün ərzində orta hesabla 3-dən çox sağlam obyektin Yer atmosferinə daxil olduğunu təxmin edir ki, bu da həm kosmosda, həm də Yer səthində ciddi risklər yaradır.
Çinin raket partlayışı və yeni parçalar
2024-cü ildə kosmik tullantı problemini daha da dərinləşdirən hadisələrdən biri, avqust ayında Çin istehsalı olan "Long March 6A" raketinin partlaması olub. Nəticədə orbitə 700-ə yaxın yeni parça əlavə olunub. Bu cür hadisələr yalnız gələcək kosmik missiyalara deyil, hal-hazırda fəaliyyət göstərən peyklərə də böyük təhlükə yaradır.
Ticarət peykləri və yeni təhdidlər
"Starlink" kimi kommersiya məqsədli mega peyk qruplarının sürətlə artması orbitdəki sıxlığı artırır. Bəzi bölgələrdə aktiv peyk sayı artıq mövcud tullantı sıxlığına çatmaq üzrədir. Gündəlik olaraq orbitə əlavə peyklər göndərildikcə, həm peyk toqquşmaları, həm də tullantıların miqdarı daha da çoxalır.
İstifadə müddəti bitən peyklər təhlükəni artırır
Kosmik tullantının əsas mənbələrindən biri də istifadə müddəti başa çatan peyklərin orbitdən çıxarılmamasıdır. Onlar atmosferdə yandırılaraq məhv edilsələr belə, bu prosesin ozon təbəqəsinə zərər verə biləcəyi ehtimal olunur. Boşalmamış yanacaq və orbitdən çıxarılmayan aparatlar isə toqquşma və parçalanma riskini artırır.
ESA bildirir ki, hətta bütün yeni peyk buraxılışları dərhal dayandırılsa belə, mövcud orbitdəki parçalanma prosesi tullantıların artmasına davam edəcək. Enkazın azaldılması ilə bağlı qaydalara uyğunluq ticarət sektorunda müəyyən irəliləyişlərə səbəb olsa da, bu, hələ ki, tullantı yaranma sürətini durduracaq səviyyədə deyil.
ESA-nın hesabatı açıq şəkildə göstərir ki, kosmik tullantılarla bağlı problem artıq tənzimlənməsi vacib olan qlobal bir təhlükəyə çevrilib. Əgər yaxın zamanda əhatəli təmizləmə proqramları həyata keçirilməzsə, gələcəkdə kosmos araşdırmaları və orbitdəki infrastrukturun davamlılığı ciddi şəkildə təhlükə altına düşə bilər.
Aydın
Şərhlər