Bu günlərdə belə xəbər yayıldı ki, Avropa İttifaqı iyunun sonlarında Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayacaq.
Doğrusu, bu xəbəri eşidəndə ikili hiss yaşadıq. Birincisi, Ukraynaya görə sevindik, çünki bu ölkə ilə bağlı axır vaxtlar heç də xoş olmayan xəbərlər gəlir.
Getdikcə daha çox siyasi təhlilçi belə hesab edir ki, Ukrayna bir dövlət kimi xəritədən silinməkdədir və yaxud da silinəcək.
Demokratik Avropanın bununla qəti barışmaması, Kiyevi Qoca Qitəyə möhkəm tellərlə bağlamağa çalışması adama müəyyən qədər təskinlik verir, düşünürsən ki, Moskvanın nəinki hazırki hərbi üstünlüyü, hətta üç ildir ki, sistemli şəkildə davam edən müharibəsi də müvəqqəti haldır, gec-tez buna son qoyulacaq.
Məyusluq yaradan başqa bir məqam isə budur ki, bu cərgədə biz Gürcüstanı görmədik. Sanki Avropa İttifaqı Tiflisi bu cərgəyə qoşmaq istəmir, yaxud da ki, buna tələsmir. Amma ola bilsin ki, bu, sırf qrafik məsələsidir: yadınıza gəlirsə, Gürcüstan "namizəd ölkə” statusunu bir az gec, səhv etmirəmsə, ötən ilin sonlarında aldı. Ukrayna və Moldova isə bunu bir il əvvəl almışdı.
Fəqət, bəzi siyasi təhlilçilər Gürcüstanın geriyə qalmasını hakim "Gürcü Arzusu" koalisiyasının siyasətiylə bağlayırlar.
Bəli, bir müddətdir ki, Avropanın və ABŞ-ın Gürcüstana münasibətdəki siyasətində ciddi ziddiyyətlər yaşanır. Əsas səbəb də budur ki, hakim "Gürcü Arzusu” partiyası siyasətini ABŞ və Avropanın Rusiya siyasətilə sinxronlaşdırmaq istəmir.
Əlbəttə, son proseslər, "xarici agentlər” haqqında qanunun qəbulu da burada az rol oynamış deyil, güman ki, bunun da müyyən rolu və təsiri var. ABŞ hazırda gürcü hakim siyasi elitasının bir çox üzvlərinə qarşı sanksiya tətbiq edib. Baş nazir İrakli Kobaxidze və komandası özünü elə aparır ki, guya buna elə də əhəmiyyət vermirlər. Amma düşünürük ki, bu, zahirən belədir, əslindəsə real vəziyyət tamamilə fərqlidir - Tiflis özünün əsas müttəfiqinin, ABŞ-ın himayəsindən məhrum ola bilər.
İndi bəzi təhlilçilər Tiflisin bu himayə olmadan duruş gətirə bilib-bilməyəcəyini araşdırmağa çalışırlar. Amma ABŞ-dan və yaxud da Avropdan imtina etmək həqiqətənmi Tiflisin maraqlarına cavab verir?
"Xarici agentlər haqqında” qanun həqiqətənmi Gürcüstanın "milli təhlükəsizliyinə” qarşı təhdidləri azaldır və yaxud da yox edir? Biz lap əvvəldən bu xüsusda yazmışıq ki, rəsmi Tiflis öz təhlükəsizliyinə qarşı təhdidləri "milli təhlükəsizliyə” təhdid kimi qələmə verir. Bu isə bütün avtoritar və yaxud da avtoritarizmə meylli rejimlər üçün xarakterikdir - bu hakimiyyətlər millət və ya xalq deyəndə özlərini nəzərdə tuturlar...
Amma gəl ki, Avropa İttifaqının da siyasətində "ikili standartlar” yox deyildir. Onlar əvvəllər Gürcüstanın əsas problemini - Abxaziyanı və Cənubi Osetiyanı bəhanə gətirirdilər. Amma Moldovanın və xüsusən də Ukraynanın belə problemi yoxdurmu?
Moldovada Dnestryanı bölgə problemi vardır. Ukraynadan isə danışmağa dəyməz: Rusiya Şərqi Ukraynadan nə vaxtsa əl götürsə belə, Krımdan vaz keçmək niyyəti və arzusu yoxdur. Belədə isə Ukraynanın az qala, əhəmiyyətli dərəcədə böyük hissəsi Moskvanın təcavüzü altındadır. Bəs bunlar Moldovanın və Ukraynanın Avropa İttifaqına üzv olması üçün problem yaratmırmı?
Məsələ də elə bundadır - avropalılar bu konteksdə görünür, fərqli "düşünürlər”. Belədə isə bizə bəzən elə gəlir ki, Qərb təkcə Gürcüstanı yox, bütün Cənubi Qafqazı hərəkətə gətirmək istəyir və Tiflisin Avropa İttifaqına inteqrasiyasını Ukrayna və Moldova ilə bir ansamblda yox, Cənubi Qafqaz konteksində nəzərdən keçirir. Hazırda Ermənistanda çox ciddi problemlər yaşanır və hamı, demək olar ki, əksər təhlilçilər burada Rusiya-Qərb qarşıdurmasının izlərini görürlər. Elə bu səbəbdən də Qərb Gürcüstanı "mötərizə xarici”nə çıxarmağa tələsməməlidir, ən azı ona görə ki, oktyabrda baş tutacaq parlament seçkiləri Tiflisin rəsmi siyasətinə Avropanın maraqlarına cavab verən korrektələr edə bilər...
Hüseynbala Səlimov
Şərhlər