Gürcüstan hökuməti Litva və Estoniyanın bir sıra gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək qərarını şərh edib. Tbilisi bəyan edib ki, cavab tədbirləri tətbiq etmək hüququ var, lakin bunu etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin press-relizində deyilir.
Gürcüstan hökuməti bəyanatında bildirib ki, Estoniya və Litva "Avropa İttifaqında (Aİ) ən məhdud suverenliyə malik" ölkələrdir və onların hakimiyyəti "xarici administrasiyaların diktəsi ilə" hərəkət edir. Gürcüstan hökumətinin fikrincə, "Litva və Estoniya hakimiyyəti sovet təfəkküründən qurtula bilməyib”.
"Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-Gürcüstan qərarına müqavimət göstərmək hüququ və imkanı var. Bununla belə, Litva və Estoniya xalqlarına hörmət olaraq, belə bir addımın atılmasını məqsədəuyğun hesab etmirik”, - press-relizdə deyilir.
Xatırladaq ki, ötən həftə Estoniya və Litvanın xarici işlər nazirləri Marqus Tsahxna və Kestutis Budris baş nazir İrakli Kobaxidze də daxil olmaqla, Gürcüstan rəsmilərinə qarşı sanksiyalar elan ediblər. Buna səbəb Tbilisidə nümayişçilərə qarşı zorakılığın tətbiqi olub. Hakim "Gürcü arzusu” partiyasının ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarına görə noyabrın 28-dən şəhərin mərkəzində mitinqlər keçirilir.
Nizami Bağırov
Şərhlər