"Google"un süni intellekt sahəsində öncüllərindən biri və "Integral AI" startapının qurucusu Cudd Tarifi gələcək həkim və hüquqşünasların karyera seçimlərinin risk altında olduğunu bildirib. Onun sözlərinə görə, süni intellekt bu sahələri insanların təhsilini başa vurmasına belə imkan vermədən köklü şəkildə dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" yazıb.
2021-ci ildə "Google"an ayrılan Cudd Tarifinin sözlərinə görə, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, tələbələr diplom alana qədər süni intellekt artıq daha üstün səviyyəyə çatacaq. Bu halda isə uzun illər təhsil almaq və on minlərlə dollar xərcləmək sadəcə vaxt itkisi olacaq.
Ekspert hesab edir ki, həkimlərin hazırlıq sistemi köhnəlmiş metodlara – əzbərləmə və təkrarçılığa əsaslanır. Bu isə prosesi avtomatlaşdırmaya qarşı həssas edir. O, gənclərə bu yola girməzdən əvvəl "ciddi düşünməyi" məsləhət görür.
Cudd Tarifi həmçinin qeyd edib ki, ənənəvi ali təhsil forması artıq köhnəlmək üzrədir. Bu mövzuda digər texnologiya liderləri ilə də həmfikirdir. Məsələn, "Meta" rəhbəri Mark Zukerberq də universitetlərin müasir tələblərə uyğun kadr hazırlamadığını bildirmişdi.
Ekspertin sözlərinə görə, gənclər ya süni intellektin tətbiq olunduğu yeni sahələrə, məsələn, biologiyaya yönəlməli, ya da ümumiyyətlə karyera planlarını yenidən nəzərdən keçirməlidirlər.
Cudd Tarifi həm də şəxsi inkişafın əhəmiyyətini vurğulayıb: "Ən yaxşısı öz üzərinizdə işləməkdir. Meditasiya edin, dostlarınızla ünsiyyət qurun, emosiyalarınızı dərk etməyi öyrənin".
O, "OpenAI" rəhbəri Sem Altmanla da oxşar mövqedədir. Altman yaxınlarda süni intellektin artıq "filosofiya doktoru" səviyyəsinə çatdığını bildirmiş və insanların əsas bacarığının süni intellekt alətlərindən düzgün istifadə etmək olduğunu vurğulamışdı.
Aydın
Şərhlər