"Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru Cəmil Qasımov yarım milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edilir.
Qaynarinfo-nun məlumatına görə, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Cəmil Qasımov barəsində Cinayət Məcəlləsinin 186.2.1-cı (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Cəmil Qasımov pilot layihəsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xosyki prospekti 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarında yerləşən şəhər ərazisində kəskin qəzalı və görkəm olaraq şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, istismar müddəti başa vurmuş köhnə tikililərin sökülərək yerində yeni çoxmərtəbəli binaların tikintisi zamanı qanunsuzluqlara yol verib.
Belə ki, Cəmil Qasımov "Gold Residence"in rəhbəri kimi özü və üçüncü şəxs, yəni təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xeyli sayda vətəndaşın obyektlərini sökdürüb.
2024-cü ildə Aynurə Nəsirovaya məxsus 34.3 kvadratmetr, Bəsti Nəsirovaya məxsus ümumi sahəsi 17 kvadratmetr, Biləndər Hacıyevə məxsus ümumi sahəsi 20 kvadratmetr, Zəminə Ələkbərovaya məxsus ümumi sahəsi 16.8 kvadratmetrdən ibarət olan qeyri yaşayış sahəsini onların razılığı olmadan sökdürüb. Həmçinin Fuad adlı sahibkarın icazəsi olmadan içərisində satış məhsulları olan "1001 xırdavat" mağazasını da sökdürüb. Məlum olub ki, Cəmil Qasımov təkcə həmin sahibkara ümumilikdə 650-700 min manat dəyərində ziyan vurub.
MMC-nin icraçı direktoru, təqsirləndirilən şəxs məhkəmədə ona elan edilmiş cinayət ittihamında özünü qismən təqsirli bilib. O zərərçəkmiş sahibkarlar ondan söküntüyə görə daha çox vəsait tələb etdiyi üçün obyetlərini sökdürdüyünü qeyd edib.
Məhkəmənin hökmü ilə Qasımov Cəmil Nazim oğlu Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum edilib.
Təyin olunmuş 3,6 il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və 2 il 6 ay sınaq müddəti müəyyən olunub. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanıb. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilib.
Qeyd edək ki, hazırda "Gold Residence"in qanuni təmsilçisi və icraçı direktoru İsazadə Anar Sabir oğludur. Şirkətin nizamnamə kapitalı 100 manatdan 50 manata endirilib. Onun adı 2024-cü ildə Aşıq Molla Cümə küçəsi, 26 ünvanında Elxan Qarayevə məxsus qarajın darvazasının və içərisindəki əmlakının oğurlanması, dağıdılması və yararsız hala salınmasında adı hallanırdı.
Aydın
Şərhlər