Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Suriyadakı münaqişənin dərhal dayandırılmalı olduğunu bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyinə şənbə günü Türkiyə XİN-dəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, Fidan ABŞ-ın Suriyada oynadığı konstruktiv rolu dəstəklədiyini bildirib və Ankaranın ABŞ-la birgə çalışaraq münaqişənin davamlı şəkildə həllinə nail olmaq istədiyini qeyd edib.
"Fidan vurğuladı ki, İsrailin Suriya ərazisinə müdaxiləsi problemi daha da ağırlaşdırır və Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə edilən istənilən təcavüz bölgədə sülhün bərpası üzrə səyləri sarsıdır", – deyə mənbə bildirib.
Qeyd edək ki, cəbhədəki qanlı döyüşlərdən sonra İsrail və Suriya arasında atəşkəs razılaşmasına gəlindiyi barədə cümə günü ABŞ-ın Türkiyədəki səfiri məlumat verib. Bu qarşıdurmalarda 300-dən çox insan həyatını itirib.
Daha əvvəl Avropa İttifaqı İsraili Suriya hökumətinə məxsus obyektlərə zərbələri dərhal dayandırmağa çağırmış, eyni zamanda Dəməşqdən ölkənin cənubunda baş qaldıran etnik qarşıdurmaları həll etməsini tələb etmişdi.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful da Suriyada qarşıdurmaların dayandırılmasına çağırıb.
Alpər
Şərhlər