"Bu səfər çərçivəsində İrəvan üçüncü ölkəyə, daha doğrusu Rusiyaya satmaq üçün Çindən müəyyən elektron avadanlıqları da əldə edə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistan müdafiə naziri Suren Papikyanın Çinə səfərini şərh edərkən deyib.
"İrəvan son vaxtlar ayrı-ayrı ölkələrlə müdafiə və təhlükəsizlik sahəsində müəyyən münasibətlər qurur. Bu ölkələr arasında Hindistan, Fransa var, indi də İrəvan bu istiqamətdə Çinlə əlaqə yaratmağa çalışır", deyə ekspert bildirib.
Üzeyir Cəfərov hesab edir ki, Pekində Papikyan Çinin Ermənistanın müdafiə və təhlükəsizliyinə verəcəyi dəstəklə bağlı söhbət aparacaq:
"Bu dəstək isə erməni hərbçilərinin Çində təcrübə keçməsi, Pekinin keçirdiyi təlimlərdə onların müəyyən bilik və bacarıq əldə etmələri, bu ölkə ilə hərbi, hərbi-texniki əməkdaşlıq və s. istiqamətində ola bilər".
Həmsöhbətimiz Ermənistanın Çindən böyük həcmdə hansısa silah-sursat alacağını düşünmür:
"Olsa-olsa, Çindən hansısa rabitə və yaxud müdafiə sənayesi üçün lazım olan avadanlıqlar alınsın. Ola da bilsin ki, İrəvan üçüncü ölkəyə, daha doğrusu Rusiyaya satmaq üçün Çindən müəyyən elektron avadanlıqlar da əldə etsin. Hər halda düşünürəm ki, Papikyanın bu səfəri hansısa bir narahatçılıq gətirməyəcək".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan işgüzar səfərlə Pekinə gedib. Onu da xatırladaq ki, bu günlərdə baş nazir Nikol Paşinyan da Çində səfərdə olmuşdu. Onun səfəri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ilə bağlı idi.
Rüfət Sultan
Şərhlər