Xəbər lenti

Dünya rekord həcmdə neft profisitinə hazırlaşır:
Dünya 16:53 13.08.2025

Dünya rekord həcmdə neft profisitinə hazırlaşır: "Qara qızıl"la bağlı nə gözlənilir?

Beynəlxalq Enerji Agentliyi (BEA) 2026-cı ildə rekord neft profisitinin olacağını proqnozlaşdırır. Bu, xammala tələbatın artım tempinin zəifləməsi fonunda hasilat və bazara çıxarılan "qara qızıl"ın həcminin yüksəlməsi ilə əlaqələndirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Mütəxəssislərin gözləntisinə görə, 2025-ci ildə neft istehlakı sutkada 680 min barel artacaq ki, bu da 2019-cu ildən bəri ən aşağı göstəricidir. Səbəb isə Çin, Hindistan və Braziliyada gözləniləndən zəif tələbatdır. İyunda dünya üzrə neft ehtiyatları son dörd ilin maksimal həddinə çatıb.

Hesabata əsasən, gələn il xammala tələbat sutkada 700 min barel artacaq. BEA hesab edir ki, 2030-cu ilə qədər neftə tələbatın artımı dayanacaq, çünki ölkələr elektromobillərə keçidi sürətləndirirlər.

Bununla belə, bazarda əlavə barel sayı daha çox ola bilər. Agentlik 2026-cı ildə OPEC+ üzvü olmayan ölkələrdə təklifin artımı üzrə proqnozunu sutkada 100 min barel artıraraq 1 milyon barelə çatdırıb. Ən çox əlavə hasilatın ABŞ, Qayana, Kanada və Braziliyadan gələcəyi gözlənilir.

Hazırda OPEC+ ölkələrinin hasilatı yenidən artırıb-artırmayacağı bəlli deyil. Xatırladaq ki, 2025-ci ilin aprelində kartel hasilatı sutkada 2,2 milyon barel artırmaq barədə qərar vermişdi.

"OPEC+ açıq şəkildə bildirib ki, növbəti addımı hələ müəyyənləşdirilməyib və bu, ya əlavə artım, ya fasilə, ya da son artımın ləğvi ola bilər", deyə  hesabatda qeyd edilir.

BEA ekspertləri hesab edirlər ki, 2026-cı ildə neft ehtiyatları sutkada 2,96 milyon barel sürətlə toplanacaq ki, bu da hətta 2020-ci il pandemiyası dövründəki orta ehtiyat artımını geridə qoyur. OPECisə əksinə, 2026-cı ildə neftə tələbatın sutkada 1,38 milyon barel artacağını proqnozlaşdırır.

BEA-nın proqnozları fonunda neft qiymətləri 13 avqustda enişini davam etdirib. Bakı vaxtı ilə saat 15:03-də WTI markalı neftin fyuçersi 51 sent ucuzlaşaraq bareli 62,66 ABŞ dollarına, Avropa etalon markası Brentin qiyməti isə 41 sent azalaraq bareli 65,71 ABŞ dollarına düşüb.

Xatırladaq ki, BEA rekord həcmdə "qara qızıl" ehtiyatı gözlədiyi halda, OPEC 2050-ci ilə qədər dünya neft tələbatının artacağını bildirir. Kartel ekspertlərinin hesablamalarına görə, 2024–2030-cu illər arasında dünya neft istehlakı təxminən 9% artacaq.

Bundan başqa, aparıcı enerji şirkətləri "yaşıl keçid"in uzanacağı gözləntisi ilə geoloji kəşfiyyata yatırımlarını artırırlar.

OPEC+ optimizminə baxmayaraq, analitiklər ilin sonuna qədər neft qiymətlərinin barel başına 60 dolların altına düşəcəyini proqnozlaşdırırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->