Xəbər lenti

Dollar G7 görüşü fonunda ucuzlaşır -
Dünya 12:05 21.05.2025

Dollar G7 görüşü fonunda ucuzlaşır - "Bloomberg"

Dünya maliyyə bazarlarında ABŞ dolları ucuzlaşmaqdadır. Treyderlər diqqətlərini "Böyük Yeddilik” (G7) qrupunun görüşünə yönəldiblər və Tramp administrasiyasının dolların zəifləməsinə maraqlı olub-olmadığına dair siqnallar axtarırlar.

Qaynarinfo "Bloomberg”ə istinadlıa yazır ki, 21 may tarixində Dollar Spot İndeksi 0,4% azalaraq ardıcıl üçüncü gün eniş nümayiş etdirib.

Yaponiyanın maliyyə naziri Katsuṇobu Kato ötən həftə bildirib ki, ABŞ maliyyə naziri Skot Bessent ilə valyuta danışıqları aparmaq imkanlarını araşdıracaq. Bu bəyanat Tramp administrasiyasının dolların zəifləməsinə açıq olması ilə bağlı yayılan fərziyyələr fonunda səsləndirilib. Cənubi Koreya isə artıq bu ayın əvvəlində keçirilən danışıqlarda ABŞ-la valyuta məsələlərini müzakirə etdiyini təsdiqləyib.

ABŞ-ın büdcə kəsiri ilə bağlı narahatlıqlar da dolların dəyərinə təzyiq göstərir. Hazırda Konqresdə vergi azaldılması məqsədilə yeni tədbirlər paketi müzakirə olunur. Respublikaçılar 10 il ərzində büdcə gəlirlərindəki itkiləri 4,5 trilyon dollara qədər azaltmağa çalışırlar. Mövcud təkliflərə əsasən, bu məbləğ 3,8 trilyon dollar təşkil edir. Bütün bunlar Moody's reytinq agentliyinin ötən həftə ABŞ-ın dövlət borcu reytinqini aşağı salmasından sonra baş verib. Agentlik bunu büdcə kəsirinin artmasını dayandırmaqda uğursuzluqla izah edib.

"Büdcə ilə bağlı artan narahatlıqlar ABŞ-da uzunmüddətli gəlirliliyin artmasına və dolların zəifləməsinə paralel təsir edir. Bu, bazarın ABŞ-ın ikili kəsirini (büdcə və ticarət kəsiri) maliyyələşdirməyə marağının azaldığını və qeyri-amerikalı investorların ABŞ aktivlərindəki həddindən artıq çəkini yenidən qiymətləndirməyə başladığını göstərə bilər”, – deyə "Bank of Singapore Ltd”dən valyuta strategiyası üzrə mütəxəssis Mo Sionq Sim bildirib.

Xatırladaq ki, 12 mayda ABŞ və Çin arasında ticarət gərginliyinin azaldılması ilə bağlı danışıqlarda "əhəmiyyətli irəliləyiş” əldə olunub. Bu xəbərdən sonra ABŞ fond indeksləri üzrə fyuçerslər kəskin yüksəlib və dollar müvəqqəti olaraq dəyər qazanıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->