Xəbər lenti

Daşınmaz əmlaka alternativ: Azərbaycanda investiya bazarı niyə məhduddur?
Ekonomiks 19:16 24.02.2026

Daşınmaz əmlaka alternativ: Azərbaycanda investiya bazarı niyə məhduddur?

Azərbaycanda insanların müxtəlif sahələrə investisiya qoymaq imkanları hələ də məhduddur. Ölkədə qiymətli kağızlar və səhm bazarı demək olar ki, inkişaf etməyib, digər alternativ investisiya alətləri isə kifayət qədər yayılmayıb. Nəticədə vətəndaşlar öz vəsaitlərini qorumaq və artırmaq üçün əsasən daşınmaz əmlaka üstünlük verirlər.

Ekspertlər bu vəziyyəti müxtəlif iqtisadi amillərlə əlaqələndirir və investisiya bazarının inkişafı üçün bir sıra həll yolları təklif edirlər.

Bəs, Azərbaycanda investisiya imkanları həqiqətən məhduddur? Bu bazarı necə canlandırmaq olar?
 
Qaynarinfo-ya investiya bazarının imkanları barədə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda investisiya bazarları həqiqətən də məhduddur, çünki ölkədə qiymətli kağızlar və səhm bazarı mövcud deyil.

"Qonşu ölkələrə baxsaq görərik ki, məsələn, Türkiyədə qiymətli kağızlar bazarında təxminən 11 milyon insan iştirak edir. Onlar səhm alır-satır, bazarda aktivdirlər və nəticədə bu fəaliyyət onların alternativ investisiyalarına çevrilir", deyə ekspert qeyd edib.
 


Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda insanların investisiya etmək üçün əsas iki sahə var - daşınmaz əmlak və qızıl:
 
"Qızılın qiyməti son zamanlar kəskin bahalaşıb və qiymətlərin dəyişmə riski olduğundan insanlar bu sahəyə investisiya qoymaqdan çəkinirlər. Ölkədə digər investisiya alətləri olmadığından insanlar daşınmaz əmlaka yatırım edir. Nəticədə, xüsusən Bakı şəhərində mənzil qiymətləri həddindən artıq bahalaşır".

O bildirib ki, paytaxtda mənzil qiymətləri anormal səviyyədədir və bunu iqtisadi məntiqlə izah etmək mümkün deyil:
 
"Azərbaycanda əhalinin sayına və iqtisadi potensiala baxsaq, görərik ki, Bakıdakı bəzi mənzillərin qiyməti Avropanın bəzi şəhərlərindəki qiymətlərdən daha bahadır. İnsanlar daşınmaz əmlakı hələ gəlir gətirən bir investisiya kimi gördüklərindən bu bazara yönəlirlər. Mən əminəm ki, Azərbaycanda digər investisiya alətləri – qiymətli kağızlar, səhm bazarı, dövlət və şirkət borc kağızlarının faiz nisbətində dövriyyəsi formalaşsa, daşınmaz əmlak bazarına da müsbət təsir göstərə bilər. Bu, qiymətlərin müəyyən dərəcədə azalmasına səbəb olar. Hazırda daşınmaz əmlak bazarındakı qiymətlər tələb-təklif qanununa görə deyil, insanların investisiyalarını qorumaq istəyi ilə müəyyənləşir".

İqtisadçı qiymətli kağızlar bazarının formalaşması üçün qanunvericilik bazasının yaradılmalı və insanlarla maarifləndirici tədbirlərin keçirilməli olduğunu vurğulayıb:

"Əvvəlcə qanunvericilik bazası yenidən qurulmalıdır. Bu baza insanların investisiya qoyarkən qorunmasını təmin etməli və aldatılma riskini minimuma endirməlidir. Bundan əlavə, şirkətlər də şəffaf olmalıdır. Onlar səhmlərini bazara çıxararkən tələb-təklif qaydalarına uyğun qiymət formalaşdırmalıdır. Hazırda insanlarda bu sahəyə inamsızlıq var; onlar hələ də başa düşmürlər ki, səhm nədir və onun dividendləri necə hesablanır. Bu səbəbdən bazarın mahiyyəti, gəlir gətirmə mexanizmi və istifadəsi barədə təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Bu məsələlər həll olunarsa, insanların səhm bazarına marağı artacaq".

Günay İlqarqızı

--> -->