Pekin Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amil olması ilə bağlı iddiasına görə NATO-nu sərt tənqid edib.
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər
verir.
Yekun bəyannəmədə NATO ölkələri Çindən "Rusiyanın hərbi əməliyyatlarına bütün maddi və siyasi dəstəyi dayandırmağı” tələb edərək, alyansın bütün tarixində Pekini ən sərt şəkildə qınayıb.
NATO-nun Vaşinqtonda keçirilən illik sammitində qəbul edilən birgə bəyannamədə deyilir ki, Pekinin "Rusiyanın müdafiə sənayesi bazasına geniş dəstəyi... Rusiyanın qonşuları və Avro-Atlantik təhlükəsizliyi üçün yaratdığı təhlükəni artırır”.
Pekin "təxribatçı, açıq yalan və böhtan ehtiva edən" iddialara görə NATO-ya etiraz etdiyini bildirib.
Çinin Aİ-dəki missiyası Pekinin Ukraynadakı müharibənin siyasi həllinə sadiq olduğunu və münaqişədə heç bir tərəfə heç vaxt öldürücü silah vermədiyini bildirib və əlavə edib ki, Rusiya ilə "normal ticarət axını" pozulmamalı və ya məcbur edilməməlidir.
Bununla yanaşı, Pekin alyansa "geosiyasi rəqabət meydanı deyil, dinc inkişaf yeri” olan Asiyadan uzaq durmaq barədə xəbərdarlıq edib.
"NATO Avropanın təhlükəsizliyi ilə Asiya-Sakit okean regionunda təhlükəsizlik arasında qarşılıqlı əlaqə ilə oynamağa davam edir... Biz onu Şimali Atlantikada regional müdafiə təşkilatı rolunda qalmağa çağırırıq. NATO Asiya-Sakit okean regionunda sülh və sabitliyi pozan və ya bəzi böyük dövlətlərin hegemonluğu qorumaq üçün istifadə etdiyi alət olmamalıdır", - Çinin bəyanatında deyilir.
Xatırladaq ki, iyulun 9-dan 11-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Şimali Atlantika Alyansının yaradılmasının 75-ci ildönümünə həsr olunmuş NATO-nun yubiley sammiti keçirilib. Görüşün əsas mövzusu Rusiya-Ukrayna münaqişəsində NATO-nun rolu, eləcə də Ukraynanın gələcək Alyansa üzvlüyü məsələlərinin müzakirəsi olub.
NATO sammitinin bəyannaməsində Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən həlledici amilə çevrildiyi bildirilib. Bununla əlaqədar Alyans Çini Rusiyanın hərbi səylərinə istənilən maddi və siyasi dəstəyi dayandırmağa çağırıb.
Nizami Bağırov
Şərhlər