Xəbər lenti

Bu görüş siyasət tarixinin ən sensasiyalı görüşü oldu - Politoloq
Dünya 14:04 28.04.2025

Bu görüş siyasət tarixinin ən sensasiyalı görüşü oldu - Politoloq

"Vatikanda Tramp-Zelenski görüşü müasir siyasət tarixinin ən maraqlı və sensasion hesab edilə biləcək görüşü oldu. Ağ Evdə baş tutmuş məlum görüşdən sonra bu görüş hər iki liderin siyasi karyerasında xüsusi yer tutacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında Vatikanda baş tutan görüşü şərh edərkən deyib.

Ekspertin fikrincə, məsələ ondadır ki, müqəddəs ruhlu bir məkanda qeyri-ənənəvi üsullardan kənar baş tutan görüşün şəraiti və tərzi əslində məsələnin mahiyyətinin vacibliyindən irəli gəlirdi:

"Təbii ki, bu, məsələnin mənəvi tərəfi idi. Məsələnin siyasi tərəfi isə Zelenskinin verdiyi mesajla aydın olur. Zelenski Trampın təklifləri ilə razılaşdığını bəyan edir. Amma bu, həmişəki kimi manevr idi. Trampın Zelenskini fürsətdən istifadə edib qeyd edilən şəkildə dialoqa cəlb etməsi də böyük ehtimalla onun təklifi idi".

Azər Qasımov qeyd edir ki, Tramp verdiyi sözün əsirinə çevrilir:

"Münaqişəni hansı yolla olursa-olsun dayandırmağa çalışır. Hər fürsəti dəyərləndirir. Həm təzyiq, həm də mülayim yollardan istifadə edir. Görüşdə təbii ki, yeni məsələ müzakirə olunmur. Ortalıqda xüsusən Putinin təklifləri müzakirə edilir. Hansı ki, bunun qəbul edilməsi ciddi siyasi iradə tələb edir. Zelenski də müəyyən qədər Ukraynanın maraqlarından çıxış edir, amma bunu öz üzünü saxlayaraq etməyə çalışır. Ukrayna ərazi itkisi ilə barışır, amma təhlükəsizlik qarantiyası istəyir. Bunu da ona ciddi şəkildə verən yoxdur. Çünki "Budapeşt memorandumu" kimi durumun olmasını istəmir".
 


Politoloq düşünür ki, Kiyevə təhlükəsizlik baxımından ciddi zəmanət verilməsə, razılaşmanın əldə edilməsi sual altında qalacaq: 

"Hesab edirəm ki, Ukrayna ciddi zəmanət istəyi üçün çalışır. Bunun verilməməsi razılaşmanı sual altına alır".

Roma Papasının Fransiskin dəfn mərasimi zamanı ABŞ prezidenti Donald Trampın təkidilə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü baş tutub. Məlumatı Trampın milli təhlükəsizlik müşaviri Maykl Uolts "Fox News” telekanalına açıqlayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti sülh danışıqlarını irəli aparmaq üçün Vatikanda şəxsən Zelenski ilə görüşmək əzmində olub: "O, Zelenski ilə üz-üzə danışmaq və Avropadakı ən böyük quru müharibəsini necə bitirəcəyimizi müzakirə etməkdə qərarlı idi".

Müşavir vurğulayıb ki, Tramp bu müharibəni bitirmək və hər iki tərəflə danışmaq üçün diplomatiyadan istifadə etməkdə qərarlıdır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->