"Valideynlər qız uşaqlarının qatilidir".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bir günə 205 abortla bağlı məlumata aydınlıq gətirərkən deyib.
Sosioloq aidiyyatı qurumların bu problemə diqqət ayırmadığını qeyd edib:
"O təşkilatlar ki, bu məsələyə diqqət yetirməlidir, bunların çoxu diqqətin nədən ibarət olduğunu bilmir. Amma bunun qarşısını almaq mümkündür. Cəmiyyətdə belə hadisələrin çoxalması yalnız demoqrafik cəhətdən qorxulu deyil, mənəvi-psixoloji cəhətdən də dəhşətlidir. Valideynlər qız uşağının məhv olmasına qərar verir. Əslində onlar öz uşaqlarının qatilidir".
Əhməd Qəşəmoğlu deyib ki, öz uşağını öldürən insanlarda daxili-psixoloji sarsıntı baş verir:
"Bu neqativ bir enerji formalaşdırır, bu da cəmiyyətə köklənir. Bu cür insanların ətrafına qarşı da hissiyyatlı olmayacaqlar. Çox qorxunc hadisədir, qarşısını almaq üçün çox ciddi elmi əasaslarla təbliğat işləri aparmaq lazımdır. Məsələn, hamilə qadınlarla maarifləndirmə işləri aparmaq olar. Hətta bəzi hallarda inzibati yollarla problemi həll etmək mümkündür".
Sosioloq hesab edir ki, cəmiyyətdə gedən prosesləri başlı-başına buraxmaq olmaz.
Qeyd edək ki, Azərbaycanda ötən il 73 min 816 abort qeydə alınıb. Bu da hər günə 205 abort deməkdir. 2022-ci ildə isə bu say 58 min idi. Dövlət Statistika Komitəsinin digər məlumatına əsasən, ötən il 112 min 620 nəfər doğulub. Onun 59 min 814 ü oğlan, 52 min 806 sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Bahar Rüstəmli
Şərhlər