Xəbər lenti

Bayram günlərində neçə qəza olub?
Ölkə 16:48 22.03.2025

Bayram günlərində neçə qəza olub?

Son iki gündə 12 yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"Bayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrə səbəb olan qəzalar qeydə alınmayıb. Bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb.

Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, habelə turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır. Bayram günlərinin xoş xatirələrlə yadda qalması üçün hər bir hərəkət iştirakçısını diqqətli və məsuliyyətli olmağa dəvət edirik", - qurumdan bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->