Xəbər lenti

Azərbaycanın Milli Qəhrəmanı infakt keçirdi
Ölkə 18:47 18.04.2024

Azərbaycanın Milli Qəhrəmanı infakt keçirdi

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib.

Bu barədə hazırda İsveçdə yaşayan Milli Qəhrəmanın yaxınları bildiriblər.

"Şahin Tağıyev 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, - ailə üzvləri Milli Qəhrəman haqqqında danışarkən deyiblər.

Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır.

"İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”.

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından 16 nəfəri sağdır.

Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub.

Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya -  Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.

1992-ci ildə həmin bölüyün bazasında yaradılan "Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.

Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adına layiq görülüb.

O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.

Şahin Tağıyev atəşkəs dövründə də Qarabağın azadlığı naminə fəaliyyətini davam etdirib. 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak edib. Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilib.

2001-ci ildən Avropaya mühacirət edib.

Ş.Tağıyev ailəsi ilə birgə hazırda İsveçdə yaşayır. Bir oğlu, bir qızı, nəvələri var.

Milli Qəhrəman təqaüdçüdür.

2000-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Şahin Tağıyev səhhətilə əlaqədar Azərbaycana gələ bilməyib, oktyabr ayında Vətən müharibəsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində vəsait köçürüb.

Milli Qəhrəmanın ən böyük arzusu Şuşadakı ata yurdunu ziyarət etmək idi. O, 2023-cü ilin noyabrında bu arzusuna qovuşdu.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə "Milli Qəhrəman" adı Prezidentin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç nəfərə verilib. Bunlar general-mayor Polad Həşimov (ölümündən sonra), polkovnik İlqar Mirzəyev (ölümündən sonra) və ehtiyatda olan baş çavuş İbad Hüseynovdur.//Modern.az


 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->