Xəbər lenti

Avtomobil bazarında vəziyyət necədir?
Ekonomiks 10:31 08.10.2025

Avtomobil bazarında vəziyyət necədir?

Azərbaycanda avtomobil bazarında daim qiymətlərə həmçinin, valyuta məzənnələrindəki dəyişikliklər, gömrük rüsumları və istehsalçı ölkələrdəki istehsal xərcləri birbaşa təsir göstərir. Bundan əlavə, ekoloji tələblər, texnoloji yeniliklər və yerli bazarda mövcud olan avtomobillərin çeşidi də qiymətlərin artımına və ya azalmasına səbəb ola bilər. Nəticədə alıcıların ödəməli olduğu məbləğ yalnız avtomobilin dəyəri ilə deyil, həm də bu iqtisadi və inzibati faktorların cəmi ilə müəyyən olunur.

Bəs, hazırda avtomobil bazarında vəziyyət necədir?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycanın avtomobil bazarında aktivlik müşahidə olunur:

"Yay fəslindən fərqli olaraq, bazarda fəallıq artıb. İnsanlar daha çox hibrid avtomobillərə maraq göstərirlər. Elektromobillərə də müəyyən maraq var, lakin onlar hələ geniş yayılmayıb".

Ekspertin sözlərinə görə, xüsusilə mühərrik həcmi 1500 kub santimetrdən 2500 kub santimetrədək olan hibrid avtomobillər alıcıların diqqətini daha çox cəlb edir:

"Müşahidələr göstərir ki, ölkədə fəaliyyət göstərən rəsmi diler və distribütorlar avtomobillərin qiymətlərini bir qədər endiriblər. Hazırda alıcıları stimullaşdırmaq üçün müxtəlif endirim kampaniyaları keçirilir. Daha dəqiq desək, bu endirimlər təxminən 5% civarındadır. Əvvəlki illərdə payız fəslində avtomobil qiymətləri yüksəlirdisə, bu dəfə əks tendensiya müşahidə olunur”.

E. Cəfərov əlavə edib ki, satışda olan köhnə dizel və benzin mühərrikli avtomobillərin qiymətində də ucuzlaşma qeydə alınır.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev isə qeyd edib ki, avtomobil bazarında hazırda hibrid nəqliyyat vasitələrinə maraq çoxdur.

O əlavə edib ki, elektrikli avtomobillərə də maraq var, lakin bu maraq hibrid avtomobillərlə müqayisədə daha azdır. 2026-cı ilin yanvarında hibrid avtomobillərə tətbiq olunan güzəşt müddətinin başa çatacağı gözlənilir. Məhz bu səbəbdən alıcılar gələcəkdə bu avtomobillərlə bağlı qərarın necə olacağını bilmədiklərindən indidən alış etməyə çalışırlar. Bu da avtomobil bazarının canlanmasına səbəb olub.

"Bazarda ikinci əl avtomobillərin alqı-satqısı ilə bağlı vəziyyət qənaətbəxş deyil. Bu tip avtomobillərin satışında 40-45%-ə qədər qiymət enməsi müşahidə olunur. Əksər hallarda belə maşınlar aylarla bazarda qalır və satılmır”, - deyə ekspert bildirib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi vurğulayıb ki, 0 kilometrajlı, daxili yanma mühərrikli avtomobillərə olan maraq da azalır. Bunun əsas səbəbi hibrid avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı tətbiq edilən güzəştdir.

"Növbəti ildə də bu güzəşt davam edərsə, avtomobil bazarında mövcud vəziyyət olduğu kimi qalacaq. Yəni, ikinci əl və daxili yanma mühərrikli, 0 kilometrajlı avtomobillərin satış tempində azalma müşahidə olunacaq. Elektrikli avtomobillərlə bağlı isə dövlət tərəfindən həm Bakıda, həm də regionlarda infrastruktur layihələrinin hazırlanması planlaşdırılır. Hesab edirəm ki, gələcəkdə məhz bu tip avtomobillərin satışına dövlət tərəfindən daha çox diqqət yetiriləcək”, - deyə E. Əliyev əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->