Norveç hökuməti "ən pis senari" – müharibə ehtimalı üçün hazırlığını artırmağı və bombadan qorunma sığınacaqlarının tikintisini bərpa etməyi planlaşdırır.
Qaynarinfo bu barədə NRK-ya istinadən xəbər verir.
Baş nazir Yonas Har Styore və ədliyyə və fövqəladə hallara hazırlıq naziri Emiliya Enger Mel cümə günü parlamentə təbii fəlakətlərə tam hazırlıq haqqında yeni hesabat təqdim edəcək.
Hökumət məlumatına görə, Norveçdə 1998-ci ildən bəri heç bir bombadan qorunma sığınacağı tikilməyib. Lakin Ukraynadakı müharibə göstərdi ki, sığınacaqlar insan həyatını xilas edir. Buna görə də hökumət Norveçdə daha çox belə sığınacaqların olmasını istəyir.
"Ən pis ssenari"yə hazırlıq:
"Ətrafımızda qeyri-müəyyənliklər artır. Vətəndaşlarımızı müharibə və ya silahlı hücum kimi "ən pis senari"yə hazırlamalıyıq. Belə hallarda sığınacaqlar müdafiənin vacib tədbirlərindən biridir", – deyə Emiliya Enger Mel bildirib.
Hazırda hökumət iki tip sığınacaq təklif edir:
- Birincisi, kimyəvi və radioaktiv maddələrdən, həmçinin yüksək təhlükə potensialı olan partlayıcılardan qoruyan müasir sığınacaqlar. Burada su təchizatı, hava təmizlənməsi və təhlükəsiz elektrik təminatı olacaq.
- İkincisi isə sadə sığınacaqlar: adi silahlardan müdafiə üçün nəzərdə tutulub. Bu tip sığınacaqlara qarajlar, metro tunelləri və ya digər yeraltı tikililər aid edilir.
"Yeni tikililər üçün tələblər və xərc":
"İndi biz faktiki olaraq tələb qoyuruq ki, sahəsi 1000 kvadratmetrdən çox olan binalarda sığınacaqlar olmalıdır", – deyə nazir bildirib.
Böyük çoxmənzilli binalar yenidən, 1998-ci ildən əvvəl olduğu kimi, sığınacaqlarla təchiz edilməlidir. Əlavə xərclər hər bir nəfərə təxminən 30 000 kron (2 500 avrodan çox) təşkil edəcək. Bu məbləğ, 2026-cı il yanvarın 1-dən sonra yeni tikilidə mənzil alan hər bir şəxsin ödəyəcəyi məbləğ olacaq.
"Biz müasir müharibənin necə göründüyü barədə çox şey öyrəndik və həmçinin gördük ki, sığınacaqlar və bombadan qorunma yerləri vətəndaşları qorumaq üçün mühüm əhəmiyyət kəsb edir. Norveçdə belə sığınacaqların olması labüddür və bu, ölkənin gələcəyə hazırlığının bir hissəsi olmalıdır", – nazir əlavə edib.
Qeyd edək ki, İsveçrə də öz köhnəlmiş nüvə sığınacaqlarını yeniləmək istəyir. Bundan əlavə, Polşa da mülki müdafiə sistemini yenidən qurmağa yönəlmiş qanun layihəsi hazırlayıb.
Alpər
Şərhlər