Xəbər lenti

Foto 10:58 15.07.2023

"Aqroservis" ASC rəhbərliyi Lerikdə fermerlərlə görüşdü (FOTOLAR)

Lerik rayonunda "Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovun iştirakı ilə fermer və sahibkarlarla görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, görüşdə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, biçin zamanı qarşıya çıxa biləcək problemlər və onların həllinə dair məsələlər müzakirə edilib, fermerlərin problemləri dinlənilib.

E.Rəhmanov fermerləri taxıl biçini zamanı biçin qaydalarını izah edərək, üzərlərinə düşən vəzifə və məsuliyyət barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçirilib. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstərilib, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçirilib. 

E.Rəhmanov həmçinin diqqətə çatdırıb ki, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır.

Hazırda ölkə üzrə biçin prosesi davam edir. Biçin Lerikin dağ kəndlərində iyul ayının sonuna kimi aparılacaq.

Qeyd edək ki, görüşdə Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov və Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.

Lerik rayonunda bu il 3800 hektar ərazidə əkin aparılıb. Hazırda rayonda 11 kombayn biçin işləri aparır. Onlardan 5 ədədi yeni innovativ New Holland 5.90 HillSide dağ kombaynlarıdır. Lerik rayonunda iyun ayının 20-dən etibarən biçinə başlanılıb, artıq 50%-dən çox ərazidə biçin yekunlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->