Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev sədrlikdən gedəcəyini açıqlayıb. Xalq yazıçısı bildirib ki, növbəti 5 illikdə keçiriləcək qurultayda namizədliyini verməyəcək:
"5 qurultayda seçildim. Sonuncuda 2 nəfər əleyhimə səs verdi. 4 qurultayda yekdilliliklə, beşincidə isə 2 nəfərin etirazı ilə seçilmişəm. Son qurultaya qədər qalmaq, istədiklərimi etmək istəyirdim. Sonuncuda dedim ki, növbətidə olmayacağam. Arada elə oldu ki, getmək istəyirdim. Etiraf edim ki, hikkədən getmədim. Çünki mənə o qədər böhtan atdılar ki. Bu gün gedir, çıxartdılar, sabah gedir və s. Onların acığına dedim ki, heç kim məni çölə ata bilməz. Yaş o yaş deyil, 2 il var. Onda 89 yaşım olacaq. Gedim kənardan baxım görüm məndən sonra gələn necə işləyəcək. Özümü yaşlı adam hiss etmirəm".
Bəs, Anardan sonra Yazıçılar Birliyinin sədr postunu kim tuta bilər?
Yazıçı Cəlil Cavanşir Qaynarinfo-ya açıqlamasında Anardan sonra AYB-nin ləğv olunacağını bildirib:
"Allah Anar müəllimə 100 ildən artıq ömür versin. Arzulayıram ki, ömrünün sonuna kimi, əbədi sədr olsun. Çünki Anar getsə, Yazıçılar Birliyi böyük ehtimalla ləğv olunacaq. Lap dərinə gedəndə mənim üçün fərqi yoxdur. Kim olur olsun, AYB dəyişməyəcək. Hər halda könül istərdi ki, AYB-ni Anar vaxtında gənclərə təhvil verəydi. Təəssüf ki, getmədi və iddialı gənclər də qocaldı".
Şair Aqşin Yenisey isə Yazıçılar Birliyinin üzvü olmadığını vurğulayıb:
"Heç vaxt üzv olmamışam, yəqin ki, heç vaxt da olmayacağam. Orada baş verən hər hansı bir hadisə ilə də maraqlanmıram. Bu mövzuda ölkədə heç danışmayacaq bir adam varsa, o da mənəm. Sadəcə, birlikdəki dostlara uğurlar arzulaya bilərəm".
Bahar Rüstəmli
Şərhlər