Avropada Avropa İttifaqına (Aİ) üzvlük qaydalarının dəyişdirilməsi ilə bağlı təklif müzakirə olunur. Yeni mexanizmə əsasən, yeni ölkələr səsvermə hüququ olmadan Aİ-yə qoşula biləcəklər. Bu isə Macarıstanın baş naziri Viktor Orban kimi liderləri Ukraynanın İttifaqa daxil olmasına daha loyal münasibət göstərməyə vadar edə bilər.
Qaynarinfo xəbər verir ki, "Politico”nun diplomatik dairələrdəki mənbələrə istinadən
yazdığına görə, Aİ-də üzvlük qaydalarının dəyişdirilməsi ilə bağlı təklif hələ erkən hazırlıq mərhələsindədir və qüvvədə olan bütün üzv ölkələr tərəfindən təsdiqlənməlidir. İdeya ondan ibarətdir ki, yeni üzvlər tamhüquqlu statusu yalnız Aİ öz fəaliyyət sistemini tam şəkildə dəyişdikdən sonra, yəni ayrı-ayrı ölkələrin veto hüququndan sui-istifadə etməsinin çətinləşdiyi mərhələdə əldə edəcəklər.
"Gələcək üzvlər, əsas institusional islahatlar – məsələn, siyasətin əksər sahələrində ixtisaslı çoxluq səsverməsinin tətbiqi – həyata keçirilməyənədək veto hüququndan imtina etməyə borclu olmalıdırlar”, – deyə Almaniya Bundestaqının Avropa məsələləri üzrə komitəsinin sədri Anton Hofrayter bildirib. "Genişlənmə, Aİ-nin ayrı-ayrı üzv dövlətlərinin islahatları bloklaması səbəbilə ləngiməməlidir”.
Bu təşəbbüs hazırda üzvlüyə doğru irəliləyən Ukrayna, Moldova və Monteneqro kimi ölkələrə veto hüququ olmadan, lakin Aİ üzvlüyünün bir çox üstünlüklərindən yararlanmaq imkanı verəcək. Veto hüququ isə Aİ hökumətləri tərəfindən hər zaman onların istəmədiyi siyasətin qarşısını almaq üçün mühüm vasitə sayılıb.
Yeni üzvlərin tam səsvermə hüququ olmadan qəbul edilməsi planı "bizə, genişlənmiş Aİ-də belə, hərəkət etmə imkanını təmin edərdi”, – deyə Hofrayter qeyd edib. "Qərbi Balkan ölkələrinin nümayəndələri ilə müzakirələrdən aldığım siqnallar göstərir ki, bu yanaşma konstruktiv və real sayılır”.
Aİ Komissiyasının müxtəlif namizəd ölkələrlə genişlənmə danışıqlarının vəziyyətinə dair yaxınlaşan qiymətləndirməsi ərəfəsində, Aİ diplomatlarından biri bildirib ki, Komissiya genişlənmə prosesini sürətləndirmək üçün danışıqları hər dəfə 27 üzv ölkənin rəsmi təsdiqini almadan davam etdirmək imkanını da nəzərdən keçirə bilər. Bu addım, həmçinin, Orbanın danışıqların hər mərhələsində veto hüququndan istifadə etməsinin qarşısını ala bilər.
Bundan əvvəl Ukraynanın baş nazirinin müavini Taras Kaçka demişdi ki, Aİ liderləri dekabr ayında üzvlük istiqamətində altı "klaster” üzrə danışıqların başlanmasını nəzərdə tutan sazişi imzalaya bilərlər.
Eləcə də, Ukrayna prezidenti Vladimir Zelenski bildirmişdi ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə üzvlüyə doğru irəliləməsini bloklamaq hüququna malik deyil və "Ukrayna Aİ-də olacaq — Orbanla və ya Orbansız”.
Alpər
Şərhlər