"500 faizlik rüsum tətbiqi real olarsa, qısa müddətdə neft kəskin bahalaşacaq. Amma alıcılıq qabiliyyətinin buna cavab verə bilməməsi səbəbindən yenidən qiymət enəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban ABŞ prezidenti Donald Trampın Rusiyadan neft alan ölkələrə 500 faizlik rüsum qoyacağı ilə bağlı səsləndirdiyi fikrinin dünya iqtisadiyyatına təsirini şərh edərkən deyib.
"Trampın Rusiyadan neft alan ölkələrə 500 faizlik rüsum tətbiqi real deyil. Bu mənada Trampın həmin açıqlamasını ciddiyə alan da yoxdur. Tramp sadəcə olaraq hədə-qorxu gəlmək üçün belə yüksək həddən danışır", deyə İlham Şaban bildirib.
Ekspertin fikrincə, Rusiyadan neft alan ölkələrə ən maksimum 100 faizlik rüsum tətbiq oluna bilər:
"Hətta bu rəqəmin özünə də ifrat qiymət kimi baxırlar. Yəni bu rəqəm də real deyil. İndiyə kimi, Tramp fəaliyyəti dövründə hansı dövlətə qarşı rüsum tətbiq edirdisə, əvvəlcə 100, 200 faizlik yüksək tariflərin tətbiqindən dəm vururdu. Amma sonradan həmin rüsum dərəcələrini 25 faizə endirdi".
Trampın təhdidi real olacağı halda isə, həmsöhbətimizə görə, dünya bazarında neftin qiyməti kəskin bahalaşacaq:
"Bahalaşma isə heç zaman uzun müddətli olmur. Çünki bazarda həmin qiymətə adekvat cavab verən alıcılıq qabiliyyəti yoxdur. Nəticədə qiymət yenidən enəcək".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna məsələsi ilə əlaqədar Rusiyaya real danışıqlara gəlməsi üçün 10-12 gün möhlət verdiyini bildirib. Halbuki bundan qabaqkı açıqlamasında 50 günlük möhlət vermişdi.
Tramp eyni zamanda, əvvəlki çıxışında Rusiyadan neft alan ölkələri sanksiyalarla hədələyərək, onlara qarşı 500 faizlik rüsum tətbiq edəcəyini bildirib.
Rüfət Sultan
Şərhlər