Azercell-in təşəbbüsü ilə yaradılan xidmət çətin həyat şəraitində olan qadınlara dəstək olur
2024-cü ilin iyun-noyabr ayları ərzində "Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub. Onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.
Qeyd edək ki, bütün müraciətlər məzmununa uyğun olaraq müvafiq qurumlara yönləndirilir, ehtiyac olduqda qadınlara hüquqi məsləhətlər verilir və ilkin psixoloji dəstək göstərilir. Zəruri hallarda müraciət edən şəxslərlə görüşlər keçirilir, qadınlara sığınacağa yerləşdirmə və mühafizə orderinin alınması ilə bağlı dəstək verilir. Xidmətə müraciət edən qadınların məlumatlarının gizliliyi təmin edilir və bilgilər yalnız onların razılığı ilə aidiyyəti qurumlarla paylaşılır.
Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, "Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən "Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün "Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə xidmət göstərir.
Şərhlər